Əsas Səhifə > Manşet / Müsahibə > “Mən onları heç vaxt rəqib saymamışam...”
“Mən onları heç vaxt rəqib saymamışam...”11-01-2018, 21:48 |
“...Rəqib olmaq üçün gərək mənəviyyatın olsun. Qismət olar, haqq-hesabımızı Qarabağda çürüdərik” Azərbaycanın idman həyatında öz sözünü demiş idmançılarımızla müsahibələrimizi davam etdiririk. Budəfəki qonağımız taekvondo üzrə dünya və Avropa çempionu, “Tərəqqi” medallı, Taekvondo Federasiyası Yığma Komandalarla iş üzrə vitse-prezident Niyaməddin Paşayevdir. Qeyd edək ki, taekvondo aləmində bir çox titullar qazanan Niyaməddin Paşayev 2000-ci ildə Yunanıstanda keçirilən Avropa çempionatında III yer, 2001-ci ildə Koreyada dünya çempionu, 2002-ci ildə Yaponiyada keçirilən dünya kubokunda III yer, 2003-cü ildə Almaniyada keçirilən dünya çempionatında III yer, 2004-cü ildə ölkəmizdə olimpiya lisenziyalı beynəlxalq turnirdə I yer və 2004-cü ildə Norveçdə Avropa çempionu olub. Qonağımızla səmimi söhbətimiz alındı. İdman həyatı, şəxsi həyatı ilə bağlı bir çox məsələlər barədə maraqlı fikirləri dilə gətirdi. - Niyaməddin müəllim, idmana gəlişiniz necə olub? - İdmana gəlişimdə və həyatımda atam mühüm rol oynayıb. Hər an onun məsləhətinə ehtiyacım olub. Atam idman, xüsusən də taekvondo barəsində söhbət düşəndə fikirləşmədən razılıq verdi. Taekvondoçu məşqçilərin bir çoxu atamla yaxşı münasibətdə idilər. Atamın məsləhəti ilə Ələkbər İmaməliyevin yanında məşqlərə başladım. Onu da deyim ki, böyük sözünə qulaq asan həmişə udur. İndi özüm də atayam və çalışıram ki, övladlarıma atam kimi öyüd-nəsihət verim. - İndi xüsusi əhəmiyyətli vəzifədə çalışırsınız. Təyinatınız necə oldu? - İllərlə ATF-nın döyüş tatamisinin şərəfini qorumuşam. Əvvəlcə idmançı, sonra məşqçi və sonda da bu vəzifəyə təyin olunmağım sırf ATF rəhbərliyinin mənə verdiyi qiymətdir. İdmançı və məşqçi məsuliyyəti, məndə indi də var. Sadəcə olaraq, məsuliyyətim indi bir az da artıb. Bütün hərəkətlərimdə çalışıram ki, ədalətli olum və rəhbərliyin mənə gostərdiyi etimadı doğruldum. Taekvondo Azərbaycanda demək olar ki, 2000-ci ildən sonra inkişaf etməyə başladı. Kəmaləddin Heydərovun rəhbərliyi altında Taekvondo Federasiyasının işləri uğurla davam edir. İnanıram ki, federasiyamız öz fəaliyyəti ilə daha çox işlər görəcək. - Sirr deyilsə, dünya çempionu olanda hansı hissi keçirdiniz? - Əslində o məqamı sözlə ifadə edə bilmərəm. Dünya çempionu olmaq mənim üçün bir tapşırıq idi. Onun da öhtəsindən gəldim. Amma Azərbaycana qayıdanda hava limanında bizi qarşılayan dostlar, tanışların sevinci sübut etdi ki, mən çempionam. Dövlətimizin rəhbərliyinin dəstəyi nəticəsində, mən bu uğuru əldə etdim. Cənab prezident İlham Əliyevin dəstəyini hər an hiss etmişəm. Bu da mənim Azərbaycan idmanına olan töhfəm. Onu qeyd etmək istəyirəm ki, ailəmin o məqamda olan sevinci başqaydı. - Sizcə, tanınmış idmançı olmaq nə deməkdir? - Məsuliyyət. Bir anda sənin ətrafında olan insanların kumirinə çevirilirsən. Onlar da səni bir lider kimi qəbul edərək səninlə hər şeyi məsləhətləşirlər. Bu da böyük məsuliyyətdi. - Heyfisləndiyiniz nəsə varmı həyatda? - Mənim idman kariyeram uğurlu olub. Azərbaycan çempionu, Avropa çempionu, Dünya çempionu olmuşam. Bircə, olimpiya çempionu olmamışam. İdmançı kimi bax, buna heyfislənirəm. Amma rəhbərlik etdiyim müddətdə federasiyaya olimpiya çempionu gətirmişəm. Radik İsayev canlı əfsanəmizdir. - Oğlunuzun gələcəyi idmanla bağlı ola bilərmi? - Oğlum Məhəmməd hazırda gimnastika ilə məşğul olur. İdmançı olmaq onun qanındadır. Aradabir mənimlə də məşq edir. Amma yenə də seçim onun olacaq. Ən əsası öz oğluma arzu edirəm ki, həyata dəyərli vətəndaş, vətənin sevən bir insan olsun. Allah bütün balaları qorusun. - Dostlarınız varmı? - Var. Bilirsiniz, dost anlayışı çox çətin bir məsələdir. Dostluğu qazanmaq asan, saxlamaq çətindir. Fürsətdən istifadə edib dostlarıma salam deyirəm. Əziz dostlar, bilin ki, hər an qəlbimdəsiniz. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Rəşad Əhmədov, Elnur Amalov, Təvəkkül Bayramov və Zahid Məmmədov mənim həm idman, həm də həyatda olan əsl dostlarımdır. - Niyaməddin Paşayevin hobbisi nədir? - Tanınmış taekvondoçu olsam da sevdiyim digər idman növləri də var - futbol və xizək sürmək. Yerli komandalardan “Qarabağ”ın və “Qəbələ”nin azarkeşiyəm. “Real Madrid”də ki, öz yerində. “Qarabağ”ın son nailiyyəti bir sensasiyadır. “Qarabağ”ın bir çox oyunçularıyla şəxsi tanışlığım var. Mən deyərdim ki, Qurban Qurbanov başda olmaqla hamısı qəhrəmandır. - Erməni idmançısı olan rəqibiniz olubmu? - (Gülür) Bəli 2 nəfər olub. Amma iksinin də aqibəti pis qurtarıb. Tatamidə nokaut vəziyyətinə düşüblər. Mən onları heç vaxt rəqib saymamışam. Rəqib olmaq üçün gərək mənəviyyatın olsun. Qismət olar, haqq-hesabımızı Qarabağda çürüdərik. - Taekvondoda öz sözünü demiş Niyammədin Paşayevin gənc idmançılara arzu və tövsiyəsi nə olar? - Öz üzərində çalışmaq, özünə inanmaq və iradəli olmaq. Məşqçi müəllimin tapşırıqlarını yerinə yetirmək. - Niyaməddin müəllim, bu gərgin iş qrafikinizdə vaxt tapıb bizimlə səmimi söhbətinizə görə çox sağ olun. Gələcək işlərinizdə uğurlar arzulayırıq. - Siz də sağ olun. Alxas Məmmədov Geri qayıt |