Əsas Səhifə > Xəbər lenti > Vətən müharibəsinin 23 yaşlı şəhidi – Səməndər İmanov
Vətən müharibəsinin 23 yaşlı şəhidi – Səməndər İmanov19-04-2021, 14:53 |
Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, xalqın yolunda şüurlu şəkildə öz canlarından keçən insanlardır. Bu cür insanlar qəlblərində Vətənə, xalqa sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız kimi. Belə igid qəhrəmanlarımızdan biri də Vətən müharibəsində qəhrəmancasına şəhid olan Səməndər İmanovdur. BrendSport.az xəbər verir ki, Səməndər İsaxan oğlu İmanov 1998-ci il martın 20-də Salyanın Kürsəngi kəndində dünyaya göz açıb. Valideynləri deyirlər ki, Səməndər məktəb yaşlarından vətənpərvərliyi ilə fərqlənirdi. Atası İsaxan kişi birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Həmişə Qarabağa həsr olunan şeirləri əzbərləyən, müxtəlif tədbirlərdə böyük coşqu ilə söyləyən Səməndər Vətəni ailəsi qədər çox sevirdi. Gəncə Dövlət Universitetinin ekologiya mühəndisliyi fakültəsini bitirib hərbi xidmətə yollanmışdı. Top komandiri olmaq istəyirdi. Sənədlərini də hərbi məktəbə vermişdi. Vətən müharibəsi başlayanda Səməndər döyüş meydanına atılaraq düşmənə qarşı mərdliklə vuruşdu, onlara layiqli cəzanı verdi. Şəhidin atası İsaxan İmanov: “Oğlum Şuşayadək döyüşüb. Şuşa ətrafında ağır şiddətli döyüşlərdə iştirak edib. Gecə düşmən kəşfiyyatı hücuma keçərkən onların qarşısını alıb və bu döyüşdə yaralanaraq şəhid olub. Səməndər cəsur döyüşçü idi. Əsgər yoldaşları deyirlər ki, onları dəfələrlə düşmən mühasirəsindən çıxarıb. Qorxmaz və igid olub. Şəhid oğlumla qürur duyuram”. Səməndər Vətənlə bərabər öz komandirini, döyüş yoldaşlarını qoruyan qəhrəman idi. O, Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Şəhidin anası Validə İmanova: “Uşaq yaşından zəhmətkeş idi. Əsgərliyə getmişdi, kitabları orada oxuyurdu. Magistraturaya girmək istəyirdi. Vətən müharibəsində əldə olunan Qələbədə balamın da payının olması ilə fəxr edirəm”. Səməndər özü şəhid olsa da, əzəli Vətən torpaqlarını öz canı, qanı bahasına düşməndən geri alan minlərlə qəhrəmandan birinə çevrilir. Qardaşı Nəsir İmanov oğluna Səməndərin adını qoyub. Deyir ki, oğlunun da qardaşı kimi vətənpərvər olmasını arzulayır. “Səməndər Vətən müharibəsi başlayanda çəkinmədən döyüşlərə atıldı. Deyirdi ki, “sənin oğlun olacaq. Müharibədən qayıdıb oğluna özüm ad qoyacağam”. Elə oldu ki, özü gələ bilmədi, şəhid oldu. Mən isə onun adını yaşatmaq üçün oğlumun adını Səməndər qoydum. Qoy, qardaşım həmişə yaşasın. Şəhidlər ölməzdir, heç vaxt unudulmur. Biz müharibədə Zəfər qazandıq. İndi Zəfərimiz də var, Səməndərimiz də”, - deyə Nəsir İmanov bildirib. Bayrağı bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa Vətəndir. Səməndər bu misraları çox sevirmiş. İndi Səməndər kimi oğulların sayəsində bayrağımız əzəmətlə dalğalanır, Vətənimiz artıq azaddır. AZERTAC Geri qayıt |