Əsas Səhifə > Gənclər > BŞTİ tərəfindən reallaşdırılan VII könüllülük proqramı başa çatıb

BŞTİ tərəfindən reallaşdırılan VII könüllülük proqramı başa çatıb


15-02-2023, 00:46
BŞTİ tərəfindən reallaşdırılan VII könüllülük proqramı başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan VII könüllülük proqramı başa çatıb.

BrendSport.az saytının Gənclər Şobəsi
xəbər verir ki, könüllülük proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub. BŞTİ müdiri Mehriban Vəliyeva ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyini, könüllülük hərəkatının geniş vüsət aldığını, gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını bildirib. O, BŞTİ-nin gənclərin ictimai fəallığının artırılması, könüllülük təşəbbüslərinin inkişaf etdirilməsi və fərdi inkişaflarına dəstək göstərilməsi məqsədilə könüllülük proqramları həyata keçirməklə bu istiqamətdəki fəaliyyətini genişləndirdiyini deyib. M.Vəliyeva könüllüləri təbrik edərək onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmalarından asılı olmayaraq, könüllülərin uğur qazanacaqlarına inandığını bildirib.

BŞTİ-nin müdir müavini Anar Məmmədov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov VII könüllülük proqramı iştirakçılarının 3 aylıq fəaliyyəti dövründə gənclərin ünsiyyət, kollektivə uyğunlaşmaq, tapşırılan işi layiqincə yerinə yetirmək xüsusiyyətlərinə görə seçildiklərini qeyd edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.

Onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər könüllü kimi 3 aylıq fəaliyyətləri dövründə təhsili idarəetmə sahəsindəki iş prinsipi ilə bağlı müsbət təcrübə qazandıqlarını diqqətə çatdırıblar. Bütün bu nailiyyətlərin qazanılmasında idarə kollektivinin böyük rolu olduğunu deyən gənclər onlara təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, II könüllülük proqramında 26, III könüllülük proqramında 35, IV könüllülük proqramında 42, V könüllülük proqramında 29, VI könüllülük proqramında 18, VII könüllülük proqramında isə 27 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. İndiyədək həyata keçirilmiş könüllülük proqramlarında iştirak etmiş gənclərdən 19 nəfəri BŞTİ-nin əməkdaşı kimi çalışır.
Geri qayıt