Əsas Səhifə > Gənclər > Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyi qeyd edilib
Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyi qeyd edilib23-12-2022, 19:14 |
Dekabrın 23-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. BrendSport.az xəbər verir ki, əvvəlcə yubiley münasibətilə videoçarx nümayiş olunub. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov mərasimdə çıxış edərək AGF-in ötən 20 ildə olduqca şərəfli yol qət etdiyini bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi vaxtdan Azərbaycan gimnastikasının böyük uğurlara imza atdığını vurğulayan Altay Həsənov deyib: “İdmançılarımız ötən müddətdə beş Olimpiadada iştirak edib, dünya çempionatlarında və digər böyük yarışlarda medallar qazanıblar. AGF Beynəlxalq və Avropa Gimnastika federasiyalarının fəal üzvüdür. Hamımız bir ailə kimiyik. Əminik ki, gimnastlarımız ənənələri davam etdirərək daha böyük nailiyyətlər qazanacaqlar”. Şuşada gimnastika növləri üzrə birgə yarışların keçirildiyini xatırladan AGF-in vitse-prezidenti bu yarışın əsl bayrama çevrildiyini vurğulayıb. Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov cari ilin ölkə idmanı üçün bir çox yubileylərlə əlamətdar olduğunu bildirib, bu baxımdan Milli Olimpiya Komitəsinin 30, Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileylərini xüsusi vurğulayıb. Nazir ötən 20 ildə Azərbaycan Gimnastika Federasiyasının Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çox böyük uğurlar əldə etdiyini deyib. Federasiyanın ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində genişmiqyaslı fəaliyyətini qeyd edən Fərid Qayıbov Milli Gimnastika Arenasının dünyada analoqu olmayan mükəmməl idman qurğusu kimi tanındığını bildirib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yubiley münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, Mehriban xanım Əliyevanın federasiyaya rəhbərlik etdiyi ötən 20 ildə Azərbaycan gimnastikası sürətli inkişaf yolu keçib. Bu gün AGF dünyanın aparıcı gimnastika federasiyalarından biridir. Azərbaycan gimnastika üzrə ən mühüm beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edib. “Həqiqətən də idman gimnastika ilə başlayır, atletika ilə davam edir”, - deyə Ç.Hüseynzadə bildirib. Gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxışında ötən illərdə gimnastika üzrə böyük nailiyyətlərin qazanıldığını vurğulayıb. Mariana Vasileva Azərbaycanda gimnastikanın belə yüksək inkişafına görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Sonra federasiyanın 20 illik uğurlu fəaliyyətindən bəhs edən “20 il inkişafda” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə digər çıxış edənlər də AGF-in yubileyi münasibətilə təbriklərini çatdırıblar. AzərTAc Geri qayıt |