Əsas Səhifə > Gənclər > Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər


14-04-2021, 19:30
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər


Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı edilən Hərbi Qənimətlər Parkı bu gündən vətəndaşların ziyarəti üçün açıq elan olunub.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri də buranı ilk ziyarət edənlər sırasında olublar.


BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, aprelin 14-də bir qrup YAP-çı gənc 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olub.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Hərbi Qənimətlər Parkının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun şanlı Qələbəsinin bir növ canlı muzeyidir. O bildirib: “Burada vətəndaşlarımız İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda, pandemiyadan sonrakı dövrdə turistlərin ölkəmizə səfəri zamanı bu açıq muzeylə tanışlıqları onlara da imkan yaradacaq ki, şanlı tariximizlə daha yaxından tanış olsunlar. Aprelin 12-də Prezident İlham Əliyevin iştirakı ilə Parkın açılışı oldu. Azərbaycan Prezidentin orada səsləndirdiyi fikirlər, eyni zamanda, 44 günlük müharibə dönəmində xalqımızın göstərdiyi birlik bugünkü Hərbi Qənimətlər Parkının yaradılmasının əsas səbəbidir. Hesab edirəm ki, bu Park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək”.
YAP Gənclər Birliyinin sədri bildirib ki, biz bu gün burada döyüş meydanında düşməndən alınan qənimətləri yaxından izlədik. Düşünürəm ki, yeni dövr tariximiz digər təşkilatların nümayəndələri üçün də maraqlı olmalı, onlar da bu nadir Parkı ziyarət etməlidirlər.
Postmüharibə dövrünün ən önəmli səhifələrindən olan Hərbi Qənimətlər Parkı ilə bağlı təəssüratlarını bölüşən YAP Gənclər Birliyinin üzvləri bu Parkın Azərbaycanın çağdaş tarixində önəmli yer tutduğunu qeyd ediblər.
Uzun müddət bu günü gözlədiyini deyən YAP Gənclər Birliyinin üzvü Əkbər Cəlilov düşmənin illərdir müxtəlif vasitələrlə əldə etdiyi və gizlətdiyi hərbi texnikalarını bu gün burada canlı olaraq izləməyin çox sevindirici hal olduğunu bildirib. O qeyd edib ki, Vətən müharibəsində düşmənin hərbi texnikalarının əksəriyyəti Azərbaycan Ordusu tərəfindən darmadağın edilib və bir hissəsi qənimət kimi götürülüb. Bu hadisənin bizim üçün qürurverici hal olduğunu vurğulayan YAP GB-nin üzvü bir gənc kimi bundan sonra da Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
YAP Gənclər Birliyinin üzvü Nərgiz Babayeva isə Park haqqında təəssüratlarını bölüşərkən qeyd edib ki, Hərbi Qənimətlər Parkı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl Sərkərdə qətiyyəti ilə rəhbərlik etdiyi Ordumuzun güc və qüdrətinin əyani təzahürüdür. Ermənilərin müharibədən əvvəl tanklarını Bakıya gətirəcəklərini bildirdiklərini vurğulayan YAP-çı gənc deyib: “Amma onların tanklarının və digər hərbi texnikalarının Azərbaycan tərəfindən qənimət olaraq götürüləcəyini, ötən il Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında nümayiş etdiriləcəyini və bu gün burada sərgilənəcəyini heç ağıllarına da gətirmirdilər. Biz bu Qələbəni Ordumuzun gücü ilə qazandıq. Düşünürəm ki, bu Park bizim gənclərimiz üçün bundan sonra da inam nöqtəsi olacaq”.
Qeyd edək ki, Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.



AZƏRTAC
Geri qayıt