Əsas Səhifə > Gənclər > Bakı Konqres Mərkəzində “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihənin yekun tədbiri keçirilib.
Bakı Konqres Mərkəzində “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihənin yekun tədbiri keçirilib.1-02-2019, 00:47 |
Bakı Konqres Mərkəzində “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihənin yekun tədbiri keçirilib. BrendSport.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi 3 aylıq layihə çərçivəsində indiyədək “Cümhuriyyət – anılar və anlar” adlı, 416 səhifəlik kitab nəşr edilib, habelə Cümhuriyyətin ilk paytaxtı Gəncədəki Gənclər Evində kitabın təqdimat və imza törəni keçirilib. Bakı Konqres Mərkəzində millət vəkilləri, alimlər, yazarlar və ictimai faəl gənclərin iştirakı ilə 30 yanvarda keçirilən tədbirdə sözügedən kitabla yanaşı, Cümhuriyyətin 100 illiyinə türk dünyasının 100 yazarının təbrikindən ibarət video-çarx da təqdim olunub. “Cümhuriyyət İli”ndən “Nəsimi İli”nə keçid məzmununda tərtib edilmiş tədbirdə gənc şairlər öz şeirləri ilə də çıxış edib. DGTYB-nin bu tədbiri Cümhuriyyətin lideri Məhəmməd Əmin Rəsulzadənin 135 illik yubiley günü və 2 fevral – Gənclər Günü ərəfəsində keçirilməsi ilə də anlam qazanıb. Bakı Konqres Mərkəzindəki tədbiri açıq elan edən DGTYB Məclis üzvü Əfsanə Ələsgərli iştirakçıları salamladıqdan sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, ardınca dövlət himni səsləndirilib. DGTYB-nin Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı layihə çərçivəsində görülən işlərdən söz açaraq, hesabat xarakterli nitq söyləyib. Daha sonra söz Milli Məclisin deputatı Sona Əliyevaya verilib. Xanım deputat Cümhuriyyətin Azərbaycan tarixindəki önəmli rolu, eləcə də, geridə qoyduğumuz “Azərbaycan Xalq Cümhuriyyəti” ilində görülən çoxsaylı işlərdən bəhs edib. Xanım Əliyeva çıxışında həmçinin DGTYB-nin “Cümhuriyyət ili”nə töhfəsi olan “Cümhuriyyət – anılar və anlar” kitabını da təhlil edərək, toplunu iştirakçılara, özəlliklə gənc oxuculara tövsiyyə edib. Azərbaycan Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov və Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov da öz çıxışlarında bir çox maraqlı məqamlara toxunub. Hər iki natiq ölkədə uğurla aparılan gənclər siyasətinin, bunun fonunda bir-birinin ardınca gələn töhfələrin Azərbaycanın bugünü və gələcəyi üçün önəmini diqqətə çatdırıblar. Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri dos.dr. Cihan Özdəmirin çıxışı da özəlliyi ilə yadda qalıb. O, həm 100 il öncələr, həm də çağdaş zamanda Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını və dərin köklərə bağlılığını vurğulayıb. Daha sonra Əməkdar jurnalist Azər Həsrət, prof.dr. Əhməd Qəşəmoğlu, dos.dr. Pərvanə Məmədli və başqa natiqlər və çıxış edərək, kitab haqqında, ümumilikdə, bu böyük layihə barəsində xoş sözlərini çatdırıb. Tədbir daha sonra gənc şairlərin vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərlə davam edib. Gənc aşıq Seymur Laçınlının qəhrəmanlıq havaları üstə ifaları tədbirə başqa bir rəng qatıb. Sonra isə layihənin icrasında fərqlənmiş gənclər və işə töhfələr vermiş ziyalılar “Fəxri fərman”larla təltif edilib. Tədbirin sonunda “Cümhuriyyət – anılar və anlar” kitabı müəllif Elmin Nuri tərəfindən oxucular üçün imzalanıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihə çərçivəsində gün üzü görən, gənc yazar Elmin Nurinin müəllifi olduğu “Cümhuriyyət – anılar və anlar” kitabı 5 hissədən ( –“Cümhuriyyət fədailəri – ruhla tarix yazanlar”; “Cümhuriyyət naxışları –ağ-qara rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə – anılar və anlar”; “Şərqin ilk qaranquşu–Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət”– ) ibarətdir. Kitabda, müəllifin ayrı-ayrı portallarda işıqlanan məqalələrindən istifadə edilib. Kitabın məsləhətçisi, millət vəkili Dr. Cavanşir Feyziyev, baş redaktoru (eləcə də, layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, prof.dr. Cəfər Cəfərov və “Modern.az” xəbər portalının baş redaktoru Elşad Eyvazlıdır. Layihə əsnasında çəkilən video-çarxda isə qardaş ölkə və topluluqları ( –Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkiyə, Türkmənistan və Tacikistanı, Tatarıstan, Başqurdistan, Saxa (Yakutiya) və Dağıstanı, Axıska, Kırım, Batı Trakya, Bayır-Bucaq və doğma Təbrizi, eləcə də, respublikamızı) təmsil edən yeni nəsil yazarlarının ürək sözləri toplanıb. Geri qayıt |