Əsas Səhifə > Gənclər > Bu gündən peşə məktəblərinə 2023/2024-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır
Bu gündən peşə məktəblərinə 2023/2024-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır28-07-2023, 10:55 |
Bu gündən etibarən peşə təhsili müəssisələrinə 2023/2024-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. BrendSport.az xəbər verir ki, peşə təhsili almaq istəyən şəxslər iyulun 28-dən avqustun 11-i saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 plan yeri üzrə aparılacaq. Qeydiyyatdan keçənlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin SMS vasitəsilə təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar. Elektron qeydiyyatdan keçən zaman şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini), təhsil haqqında sənəd (attestat), əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd tələb olunur. Geri qayıt |