Əsas Səhifə > Fotoqalareya > Prosineçki Xorvatiya yığması barədə
Prosineçki Xorvatiya yığması barədə2-12-2017, 11:36 |
"Ağır qrupa düşmüşük. Bundan yaxşısı da, pisi də ola bilərdi". Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki vaxtilə çıxış etdiyi Xorvatiya yığma komandasının 2018-ci il dünya çempionatının final mərhələsində düşdüyü D qrupunu dəyərləndirərkən deyib. 48 yaşlı mütəxəssis Yaponiya ilə eyni qrupa düşməmələrinə sevindiyini söyləsə də, Argentinanın Lionel Messi ilə daim yaxşı təsir bağışladıqlarını bildirib: "Messidən Dibalayadək Argentina yığmasının hər bir oyunçusuna qarşı oynamaq çox yaxşı təcrübə qazandıracaq. Onlar hamıya qalib gələ bilərlər, favorit sayılırlar. Tezliklə daha yaxşı formaya düşəcəklər. Baxmayaraq ki, seçmə mərhələni çətinliklə keçiblər. Prosineçki Nigeriya və İslandiya barədə də danışıb: "İslandiya ilə seçmə mərhələdə də eyni qrupda yer almışdıq. Onlar qrup qalibi kimi mərhələ adlamışdılar. Amma biz böyük işlər görə biləcəyimizə inanırıqsa, İslandiya barədə ümumiyyətlə danışmamalıyıq. Nigeriya fiziki cəhətdən hazırlıqlı, oyundan zövq alan komandadır. Sadəcə, taktiki hazırlıq sarıdan çatışmazlıqları olduğundan, çox da irəli gedə bilmirlər. Çətin rəqib olsalar da, Xorvatiya hazırda daha üstün səviyyədədir". Xorvatiyalı mütəxəssisin fikrincə, dünya çempionatında ilk oyunun nəticəsi çox vacibdir: "Mundiala hələ 6 ay qalıb. Bu müddətdə yaxşı forma yığmaq, rəqibləri hərtərəfli öyrənmək olar. Əsas məsələ ilk görüşdə uduzmamaqdır. Bu baxımdan, Nigeriya mənim üçün ən çətin komandadır. Böyük yarışlarda ilk oyunun nəticəsi vacibdir. Qələbə ilə başlayan komandanın növbəti mərhələyə yüksəlmə ehtimalı böyük olur. Bu zaman səndə özünə əminlik yaranır. Bürünc medal qazandığımız 1998-ci il dünya çempionatında Yamaykanı yendikdən sonra uğurlu olacağımıza inanmağa başlamışdıq". Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə bu ay başa çatacaq müqaviləsi uzadılmayıb. "Report" Geri qayıt |