Əsas Səhifə > Fotoqalareya > “Azərbaycanı kəşf et” təşəbbüsü çərçivəsində növbəti yürüş Qaranohur gölünə təşkil olunub
“Azərbaycanı kəşf et” təşəbbüsü çərçivəsində növbəti yürüş Qaranohur gölünə təşkil olunubBu gün, 18:12 |
![]() Noyabrın 29-da Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Şahdağ Milli Parkının ərazisində yerləşən Qaranohur gölünə piyada yürüş təşkil olunub. BrendSport.az xəbər verir ki, “Azərbaycanı kəşf et” təşəbbüsünün məqsədi ölkə vətəndaşlarını və xarici turistləri Azərbaycanın gözəl təbiət guşələri ilə tanış etməkdir. Yürüşdə iştirak etmək üçün 22 nəfər qeydiyyatdan keçib. İştirakçılar arasında Azərbaycan Alpinizm Federasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının, dövlət və özəl sektorun nümayəndələri olub. Şahdağ Milli Parkının İsmayıllı bölməsində, dəniz səviyyəsindən 1520 metr yüksəklikdə yerləşən Qaranohur gölü sıx meşələrlə əhatə olunub. Gölə aparan marşrut orta çətinlik dərəcəsinə malikdir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Yürüş təcrübəli mütəxəssislərin və milli park əməkdaşlarının müşayiəti ilə keçirilib. Yolboyu iştirakçılara ərazinin bitki və heyvanat aləmi haqqında məlumat verilib. Qeyd edək ki, bu təşəbbüs turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan regionlarda turizmin inkişafı məqsədlərinə xidmət edir. Azərbaycan Alpinizm Federasiyası bu cür yürüşləri davam etdirməyi və yeni marşrutlar üzrə təşkil etməyi planlaşdırır. Əsas məqsəd dağ yürüşlərinə və alpinizmə marağı artırmaq, ekoloji maarifləndirməni gücləndirmək və insanların Azərbaycanın təbiətinin qorunmasında fəal iştirakını təşviq etməkdir. ![]() ![]() ![]() ![]()
Geri qayıt |