Əsas Səhifə > Fotoqalareya > “Roma” rekord məbləğə hücumçu aldı - FOTO

“Roma” rekord məbləğə hücumçu aldı - FOTO


30-08-2017, 10:27


UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la bir qrupda yer alan İtaliyanın “Roma” klubu heyətini yeni hücumçuyla gücləndirib.

“Canavarlar” “Sampdoriya”nın çexiyalı futbolçusu Patrik Şiklə anlaşıb. Bu barədə məlumatı klubun saytı yayıb. Çexiya millisinin üzvü yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. 21 yaşlı hücumçu paytaxt klubunda 14 nömrəli formanı geyinəcək.

Bu transferin maliyyə detalları da xüsusi diqqət çəkir. "Roma" "Sampdoriya"ya ilkin olaraq 5 milyon avro ödəyib. Lakin bütövlükdə bu transfer "canavarlar"a 42 milyon avroya başa gəlib. Bu da "Roma" tarixində rekord göstəricidi. Paytaxt klubu tarixi ərzində hansısa oyunçuya görə bu qədər transfer haqqı ödəməyib. Baxmayaraq ki, 42 milyonun 20 milyon avrosu 2020-ci ildən sonra "Sampdoriya"nın hesabına köçürüləcək.

Xatırladaq ki, bir müddət öncə çexiyalı hücumçu “Yuventus”a transfer olunmağa yaxın olsa da, tibbi müayinədən keçə bilməməsi anlaşmaya mane olmuşdu.

Geridə qalan mövsümdə "Sampdoriya"da 35 matça çıxan Şik 13 qol vurub. Peşəkar karyerasına 2014-cü ildə Praqa "Sparta"sında başlayan Patrik 2015/16 mövsümünü icarə əsasında "Bohemians"da keçirib. Onun İtaliya karyerası isə "Sampdoriya"ya transfer olunduğu 2016-cı ildən başlayıb. Çexiya yığmasında da ötən ildən oynamağa başlayan futbolçu 5 oyunda 1 qola imza atıb. (Komanda.az)


Geri qayıt