Əsas Səhifə > Dünya idmanı > Novak Cokoviç “Indian Wells Masters” turnirində iştirak edə bilməyəcək
Novak Cokoviç “Indian Wells Masters” turnirində iştirak edə bilməyəcək7-03-2023, 14:47 |
Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç ABŞ-nin Indian Wells şəhərində keçirilən “Masters” turnirində iştirak edə bilməyəcək. Onun yerini gürcüstanlı tennisçi Nikoloz Basilaşvili tutacaq. BrendSport.az xəbər verir ki, ötən həftə Novak Cokoviç koronavirus vaksinasiyasından keçmədən ölkəyə daxil olmaq üçün ABŞ hökumətinə xüsusi icazə üçün müraciət etsə də, rədd cavabı alıb. O, Birləşmiş Ştatlarda iki turnirdə - 8-19 mart tarixlərində keçiriləcək “Indian Wells Masters” və martın 22-dən aprelin 2-dək keçiriləcək “Miami Open” yarışlarında iştirak etməli idi. Bir müddət öncə Amerikanın hakimiyyət orqanları COVID-19 vaksinasiyasından keçməyən xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qoyduğu qadağanın müddətini mayın 11-nə qədər uzadıb. Xatırladaq ki, Novak Cokoviç 2022-ci ildə vaksinasiyadan imtina etdiyi üçün ABŞ Açıq Çempionatını, həmçinin Birləşmiş Ştatlar və Kanadada keçirilən digər turnirləri buraxmalı olub və “Australian Open”də iştirak üçün gəldiyi Avstraliyadan deportasiya edilib. Serbiyalı idmançını dəstəkləyən amerikalı tennisçilər Con İsner və Raylli Opelka ABŞ hakimiyyətini tənqid edib, respublikaçı senatorlar Rik Skott və Marko Rubio isə Ağ ev administrasiyasını vəziyyətə müdaxilə edərək Novak Cokoviçin turnirlərdə iştirakına icazə verməyə çağırıb. Geri qayıt |