Əsas Səhifə > Dünya idmanı > İtaliya millisi İngiltərəni məğlub edərək Avropa çempionu olub
İtaliya millisi İngiltərəni məğlub edərək Avropa çempionu olub12-07-2021, 02:30 |
Futbol üzrə Avropa çempionatının İtaliya və İngiltərə yığmaları arasındakı final görüşü başa çatıb. BrendSport.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti seriyalarında daha üstün olan İtaliya millisi Avropa çempionatının qalibi olub. Oyuna sürətli hücumla başlayan İngiltərə millisi final görüşünə erkən qolla başlayıb. Matçın 2-ci dəqiqəsində Kiran Treppiyerin cinah ötürməsindən sonra topa hamıdan tez yetişən Lük Şov rəqibin qapıçısına şans verməyib. Qoldan sonra, xüsusilə birinci hissənin sonuna yaxın təzyiqi artıraraq bir neçə qol vəziyyəti yaradan İtaliya millisinin cəhdlərinə baxmayaraq hesab dəyişilməyib və birinci hissə ingilislərin minimal hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsi İtaliya millisinin sürətli hücumları ilə başlayıb. Görüşün 67-ci dəqiqəsində Apenin təmsilçisi istədiyinə çatıb. Cərimə meydançasında qarışıqlıqdan istifadə edən Leonardo Bonuççi hesaba tarazlıq gətirib. Qoldan sonra İtaliya millisi hücumların təzyiqini daha da artırmağa başlayıb və bir neçə təhlükəli vəziyyət yaradıb. İngiltərə seçməsi isə rəqibi əks hücumlarda yaxalamağa çalışıb. Qalan dəqiqələrdə hesab dəyişməyib və matçın əsas vaxtı heç-heçə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə vaxt oynanılıb. Həmin hissədə də qalib müəyyən edilmədiyindən komandalar 11 metrlik cərimə zərbələri seriyasını yerinə yetiriblər. Bu hissədə 3:2 hesabı ilə qalib gələn İtaliya komandası “Avro-2020”nin qalibi adını qazanıb. Beləliklə, İtaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub. Çempionatda son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb. Apennin təmsilçisi yarımfinalda İspaniyanı (1:1, penalti 4:2) məğlub edərək finala yüksəlib. “Avro-2020”nin D qrupunda yer alan İngiltərə seçməsi isə Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib (1:0), Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda Ukraynanı (4:0), yarımfinalda isə Danimarka (2:1) millisini mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, İngiltərə millisi yarımfinal mərhələsinə kimi qapısını toxunulmaz saxlayan yeganə komanda idi. Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edib. İyunun 12-də Uels-İsveçrə (1:1), 16-da Türkiyə-Uels (0:2), 20-də İsveçrə-Türkiyə (3:1) qarşılaşmaları Bakıda oynanılıb. Çempionatın dörddəbir final mərhələsi çərçivəsində iyulun 3-də Bakıda Uels - Danimarka (0:4) görüşü keçirilib. Azərtac Geri qayıt |