Əsas Səhifə > Dünya idmanı > “Avro-2020”: İtaliya - İspaniya matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb

“Avro-2020”: İtaliya - İspaniya matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb


7-07-2021, 16:40
“Avro-2020”: İtaliya - İspaniya matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb


İyulun 6-da futbol üzrə 16-cı Avropa çempionatının yarımfinal mərhələsinin ilk oyununun - İtaliya - İspaniya qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
BrendSport.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən matçın ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb.
Qarşılaşmada hesab 60-cı dəqiqədə açılıb. İtaliyalıların qapıçı Donnarumma ilə başlatdığı sürətli əks-hücumu Federiko Kieza cərimə meydançasından kənardan vurduğu baxımlı zərbə ilə dəqiq tamamlayıb - 1:0.
İspaniya yığması bu qola matçın 80-ci dəqiqəsində Alvaro Moratanın Olmonun gözəl ötürməsindən sonra vurduğu topla cavab verib - 1:1.
Qalan dəqiqələrdə hesab dəyişməyib və görüşün əsas vaxtı heç-heçə başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün hazırda əlavə vaxt oynanılır.
Final mərhələsinin digər iştirakçısı iyulun 7-də “Uembli” stadionunda keçiriləcək İngiltərə - Danimarka oyunundan sonra müəyyənləşəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək.
Geri qayıt