Əsas Səhifə > Dünya idmanı > Futbol üzrə U-17 İngiltərə millisi dünya çempionu olub

Futbol üzrə U-17 İngiltərə millisi dünya çempionu olub


29-10-2017, 13:31




Hindistanda keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatı İngiltərə millisinin qələbəsi ilə başa çatıb.

Finalda İspaniya yığmasını 5:2 hesabı ilə məğlub edən ingiltərəli gənc futbolçular dünya çempionu olublar. Bu, 17 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin ilk dünya çempionluğudur.

Çempion komandaya kuboku FIFA prezidenti Cianni İnfantino təqdim edib.

Üçüncü yer uğrunda görüşdə isə Braziliya millisi Malidən üstün olub – 2:0.

Ümumiyyətlə, 24 milli komandanın qatıldığı çempionatda 22 gün ərzində 52 qarşılaşma oynanılıb.

Bu qələbə sayəsində İngiltərənin 17 yaşadək futbolçuları bu ilin mayında Xorvatiyada keçirilən Avropa çempionatının finalında İspaniyaya məğlubiyyətin əvəzini çıxıblar. Həmin görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatsa da, 11 metrlik cərimə zərbələri seriyasında Pireney təmsilçisi qalib gəlmişdi – 4:1.

Xatırladaq ki, İngiltərənin U-20 futbolçuları bu ilin iyununda Koreya Respublikasında keçirilən dünya çempionatında da kuboka sahib olublar. Finalda Venesuela yığmasını minimal hesabla məğlub edən ingilislər U-20 kateqoriyasında ilk dünya çempionluqlarını rəsmiləşdirmişdilər.

Azərtac.az
Geri qayıt