Əsas Səhifə > Dünya idmanı > Niderlandda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını böyük sevinclə qeyd ediblər

Niderlandda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını böyük sevinclə qeyd ediblər


9-11-2020, 21:51
Niderlandda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını böyük sevinclə qeyd ediblər


Niderlandda fəaliyyət göstərən “Qarabağ Klubu” mərkəzində bu ölkədə yaşayan azərbaycanlılar qədim mədəniyyət mərkəzimiz, fəxarət mənbəyimiz olan Şuşa şəhərinin azad edilməsi münasibətilə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə tədbir keçiriblər.
BrendSport.az xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK), Niderland və Belçika Koordinasiya Şurası, Azərbaycan Türk Kültür dərnəyi, bu ölkədə fəaliyyət göstərən assosiasiyalarımız və burada yaşayan diaspora fəallarımız belə əzəmətli və tarixi günü - Şuşanın azad olduğu 8 noyabr tarixini böyük sevinclə qeyd ediblər.
Əvvəlcə Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib və onlara Allahdan rəhmət dilənilib.
İştirakçılar bu günün bütün azərbaycanlıların həyatında ən xoşbəxt gün olduğunu vurğulayıblar. Belə xoşbəxt anları xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini izhar ediblər.
Qeyd ediblər ki, bu günü xalqımıza nəsib edən Ali Baş Komandanla, dövlətimizlə, müzəffər Azərbaycan Ordusu ilə, qəhrəman əsgərlərimizlə fəxr edirlər. Niderlandda yaşayan azərbaycanlılar Ali Baş Komandanımıza güvənir və inanırlar.
“Biz bundan sonra da dövlətimizə xidmət etməyə hazırıq. Şuşa hər bir azərbaycanlının qürur mənbəyidir. Şuşanın azad edilməsi qürurumuzu bizə qaytardı. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın azad olması ilə fəxr edirik. Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan dövləti! Yaşasın rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz! Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!”, -deyə çıxış edənlər şüarlar səsləndiriblər.



AZƏRTAC
Geri qayıt