Əsas Səhifə > Dünya idmanı > İdman gimnastları “Tokio-2020”yə lisenziyalar uğrunda Bakıda mübarizə aparacaqlar

İdman gimnastları “Tokio-2020”yə lisenziyalar uğrunda Bakıda mübarizə aparacaqlar


25-08-2020, 21:30


Dekabrda Milli Gimnastika Arenası daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.

BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır.

Qadınların qitə birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin, bütün dünyada yayılmış “COVID-19” pandemiyası ilə əlaqədar olaraq bu yarış da təxirə salındı. Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirdi.

Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında “Avropa Gimnastikası” yarışının Bakıda keçirilməsinə qərar verdi.

Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Belə ki, çempionat “Tokio-2020”yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək.

Qeyd edək ki, kişi idman gimnastikası üzrə Avropa çempionatı isə dekabrın 9-13-də keçiriləcək.
Geri qayıt