Əsas Səhifə > Dünya idmanı > "Başakşəhər" tarixində ilk dəfə Türkiyə çempionu olub
"Başakşəhər" tarixində ilk dəfə Türkiyə çempionu olub20-07-2020, 11:07 |
İyulun 19-də futbol üzrə Türkiyə çempionatının 33-cü turunun ikinci gün qarşılaşmasında "Başakşəhər" doğma meydanda "Kayserispor"u qəbul edib. BrendSport.az xəbər verir ki, maraqlı keçən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 19-cu dəqiqədə İstanbul klubunun yarımmüdafiəçisi Mahmud Tekdəmir vurub. Bu qələbə sayəsində xallarının sayını 69-a çatdıran "Başakşəhər" klubu Türkiyə superliqasının sonuna bir tur qalmış çempion elan edilib. Superliqanın 2016-2017 və 2018-2019-cu il mövsümlərində ikinci yeri tutan İstanbul təmsilçisi tarixində ilk çempionluğunu qazanıb. "Başakşəhər" eyni zamanda "Qalatasaray" (22 dəfə), "Fənərbaxça" (19), "Beşiktaş" (15), "Trabzonspor" (6) və "Bursaspor"dan (1) sonra Türkiyədə qızıl medalları qazanan 6-cı klub olub. "Konyaspor"a 3:4 hesabı ilə uduzan "Trabzonspor" gümüş medal şansını da təhlükəyə atıb. "Sivasspor"la "Beşiktaş" isə öz meydanında qələbə qazanıb. Xüsusən də, "Beşiktaş" İstanbul derbisində "Fənərbaxça"nı 2:0 hesabı ilə məğlub edib. İlk "4-lük"dəki komandalar dəqiqləşsə də, 2-3-cü yerləri kimlərin tutacağı son turda müəyyənləşəcək. Doğma meydanında "Alanyaspor"a məğlub olan "Ankaragücü" isə Super Liqanı tərk edən ilk klub olub. Türkiyə çempionatında hazırda "Başakşəhər" 69 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 60 xalla üçüncü, "Beşiktaş" klubu isə 59 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (55 xal), "Alanyaspor" (54 xal), "Fənərbağça" (50 xal) və digər komandalar gəlir. Turnirin sonuncu pillələrində isə "Yeni Malatyaspor" (32 xal), "Kayserispor" (32 xal) və "Ankaragücü" (29 xal) klubları yer alıblar. Geri qayıt |