Əsas Səhifə > Dünya idmanı > FIFA Blatter və Platini barəsində iddia qaldırıb
FIFA Blatter və Platini barəsində iddia qaldırıb17-12-2019, 12:04 |
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) bu təşkilatın keçmiş prezidenti Yozef Blatterə və Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) sabiq rəhbəri Mişel Platiniyə qarşı İsveçrə məhkəmələrinə iddialar təqdim edib. FIFA-nın mətbuat xidmətinin verdiyi məlumata görə, onlardan 2 milyon İsveçrə frankı (1,8 milyon avro) tutulması tələb edilir. BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, 2015-ci ilin sonunda o vaxt həm də FIFA-nın vitse-prezidenti vəzifəsini tutan Platini və Blatter FIFA-nın etika komitəsi tərəfindən futbol fəaliyyətindən kənarlaşdırılıblar. Onların futbol fəaliyyətindən kənarlaşdırılmasına səbəb bu idi ki, 1998-2015-ci illərdə FIFA-ya rəhbərlik etmiş Blatter 2011-ci ildə FIFA-nın 2 milyon İsveçrə frankı məbləğində vəsaitini qanunsuz olaraq Platininin hesablarına köçürmüşdü. Dekabrın 11-də FIFA-nın idarəetmə komitəsi təşkilatın rəhbərliyinə məktubla müraciət edib. Məktubda vurğulanır ki, FIFA Blatter tərəfindən qanunsuz olaraq ödənilmiş 2 milyon İsveçrə frankını geri qaytarmalıdır. FIFA-nın bəyanatında deyilir: “İddiaçı məhkəmədə qalib gələcəyi halda FIFA həmin məbləği hesablanmış faizlərlə birlikdə futbolun inkişafına yönəldəcək”. FIFA tarixində ən böyük qalmaqal 2015-ci il mayın axırlarında başlanıb. O vaxt təşkilatın prezidenti vəzifəsinə seçkilərdən iki gün əvvəl Amerika məhkəməsinin sorğusu əsasında İsveçrə polisi Sürixdəki oteldə təşkilatın 9 nəfər yüksəkvəzifəli məmurunu korrupsiyada şübhə əsasında saxlamışdı. O vaxt 14 nəfər sabiq və fəaliyyətdə olan futbol məmuruna qarşı ittihamlar təqdim edilib. Blatter və Platini FIFA-nın etika komitəsinin arbitraj palatası tərəfindən 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırıb. 2016-cı ilin fevral ayında FIFA-nın apelyasiya komitəsi bu müddəti azaldaraq 6 ilə endirib. Sonradan məmurlar İdman Arbitraj Məhkəməsinə (CAS) apelyasiya şikayəti ilə müraciət ediblər. Arbitraj Məhkəməsi Platininin diskvalifikasiya müddətini azaldaraq 4 ilə endirib, Blatterin apelyasiya şikayəti isə təmin edilməyib. Platininin diskvalifikasiya müddəti bu il oktyabr ayında başa çatıb. Geri qayıt |