Əsas Səhifə > Dünya idmanı > Dünya çempionatının fərdi proqramında gürzlər ilə final yarışlarında iştirak edəcək gimnastlar müəyyənləşib

Dünya çempionatının fərdi proqramında gürzlər ilə final yarışlarında iştirak edəcək gimnastlar müəyyənləşib


19-09-2019, 19:24


Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında gürzlər ilə final yarışlarında iştirak edəcək idmançılar müəyyənləşib.

BrendSport.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, dünya çempionatının medalları uğrunda rusiyalı əkizlər bacılar Arina və Dina Averinalar, israilli Linoy Aşram, Nikol Zelikman, Ukrayna təmsilçisi Vlada Nikolçenko, İtaliya gimnastı Aleksandra Aqiurqiukulese, belaruslu Katarina Halkina və Alina Harnasko mübarizə aparacaqlar.

Final yarışlarına bu gün saat 19:30-da start veriləcək.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.
Geri qayıt