Əsas Səhifə > Dünya idmanı > Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulacaq
Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulacaq17-04-2019, 12:30 |
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanacaq daha iki komandanın adı bu gün məlum olacaq. BrendSport.az xəbər verir ki, qarşılaşmalardan biri Portuqaliyada, digəri isə İngiltərədə baş tutacaq. Günün ən çox maraq doğuran görüşündə İngiltərənin iki təmsilçisi üz-üzə gələcək. Londondakı matçda rəqibi “Tottenhem”ə 0:1 hesabı ilə uduzan "Mançester Siti" doğma azarkeşlər önündə məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Şəhərlilər" yarımfinala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxtadək uzadacaq. Komandaların heyətlərində cəzalı futbolçu olmasa da, zədəlilər var. "Mançester Siti"də yalnız qapıçı Klaudio Bravonun oyunu buraxacağı dəqiqdir. Fernandinyo və Aleksandr Zinçenkonun isə iştirakları sual altındadır. London təmsilçisi “Tottenhem”də itkilər daha çoxdur. Erik Dayer, Serj Oryo, Erik Lamela və komandanın əsas hücumçusu Harri Keyn meydana çıxa bilməyəcək. Harri Uinks və Dele Allinin oynayıb-oynamayacağı isə matç vaxtı bəlli olacaq. Gecənin ikinci görüşündə İngiltərənin daha bir təmsilçisi "Liverpul" doğma azarkeşlər önündə Portuqaliyanın "Portu" komandasını qəbul edəcək. UEFA Çempionlar Liqasının son finalçısı “Liverpul” bir həftə öncə öz meydanında ilk matçda 2:0 hesablı qələbə qazanmaqla üstünlük əldə edib. "Portu"nun isə cavab matçında bunun əvəzini çıxa biləcəyi o qədər də inandırıcı deyil. Meydan sahiblərindən yalnız Xesus Koronanın matçda iştirakı sual altındadır. "Mersisaydlılar"da isə Aleks Oksleyd-Çemberlen və Rian Bruster zədəyə görə oyunu buraxacaq. Co Qomezin durumuna oyun vaxtı aydınlıq gələcək. Geri qayıt |