Əsas Səhifə > Dünya idmanı > II Avropa Oyunlarının məşəl estafeti bir neçə ölkədən keçəcək

II Avropa Oyunlarının məşəl estafeti bir neçə ölkədən keçəcək


4-04-2019, 05:50
II Avropa Oyunlarının məşəl estafeti bir neçə ölkədən keçəcək
Minskdə keçiriləcək II Avropa Oyunlarında yeni ənənənin əsası qoyulacaq. Belə ki, məşəl estafeti ilk dəfə bir neçə Avropa ölkəsinin ərazisindən keçəcək.

BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, 2019-cu il II Avropa Oyunlarının direktorluğunun idarə rəisi Sergey Xomiçin bununla əlaqədar bəyanatı yarışların rəsmi saytında yer alıb.
S.Xomiç deyib: “Məşəl estafeti Olimpiya Oyunları çərçivəsində təşkil edilən ənənəvi tədbirdir. Avropa Oyunlarında bu ənənə hələ formalaşır, lakin Bakıda keçirilən I Avropa Oyunlarında da məşəl estafeti olub. Həmin estafet yalnız təşkilatçı ölkənin ərazisindən keçib. Qarşıdakı estafet isə daha irimiqyaslı və əhəmiyyətli olması ilə fərqlənəcək. Biz bu ənənənin əsasını qoymağımızdan çox məmnunuq və bu yenilik 20-30 ildən sonra yarışları keçirən bütün təşkilatçılar tərəfindən təkrar olunacaq. Biz onun əsasını qoyuruq”.
II Avropa Oyunlarının məşəli yeddi nəfər tərəfindən Romada alovlandırılacaq. S.Xomiş əlavə edib: “Estafet məşəlinin mayın 3-də Avropa Olimpiya Komitələrinin (AOK) mənzil-qərargahının yerləşdiyi Romadan start götürməsi qərara alınıb. Növbəti Avropa Oyunlarında da məşəl estafetinin məhz buradan başlanacağı ehtimal olunur. Mərasim Ara Pacis Museum muzey kompleksində keçiriləcək. Təntənəli mərasimdə məxsusi olaraq AOK üçün hazırlanmış aksiyanın rəmzi – zeytun ağacı təqdim ediləcək, həmçinin Avropa Oyunlarının ilk estafet məşəli alovlandırılacaq”.
S.Xomiçin sözlərinə görə, sonra Belarusun bayker klubunun üzvləri Oyunların məşəlini Sloveniya, Avstriya, Macarıstan, Slovakiya, Çexiya, Polşa ərazilərində müşayiət edəcək, bu ölkələrin milli olimpiya komitələrini ziyarət edəcəklər. Məşəl mayın 12-də Belarusun Brest şəhərinə gətiriləcək və iyunun 17-21-də Minskdə yekun estafet keçiriləcək. Bu məşəl estafetində Belarusun 450 məşəl daşıyanı – ölkənin ən yaxşı idmançıları, tanınmış mütəxəssisləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Estafetin marşrutu Minskin “Dinamo” milli olimpiya stadionunda başa çatacaq.
Geri qayıt