Əsas Səhifə > Dünya idmanı > Kriştiano Ronaldonun qolu sahəsində “Yuventus” “Latsio” üzərində qələbə qazanıb
Kriştiano Ronaldonun qolu sahəsində “Yuventus” “Latsio” üzərində qələbə qazanıb28-01-2019, 09:00 |
Yanvarın 27-də İtaliya A Seriyasının 21-ci turunun növbəti oyunları keçirilib. BrendSport.az xəbər verir ki, turun maraq doğuran oyunu “Olimpiko” stadionunda baş tutub. Çempionatın lideri “Yuventus” səfərdə “Latsio” komandasının qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə hesab açılmayıb. Fasilədən sonra hücumların sayını artıran “Latsio” klubu 59-cu dəqiqədə hesabı açıb. Belə ki, künc ötürməsindən sonra top “Yuventus”un futbolçusu Emre Cana dəyərək qapıdan keçib. Qoldan sonra hücuma atılan “qoca sinyora” qarşılaşmanın 74-cü dəqiqəsində hesabı bərabərləşdirə bilib. Juan Kanselo adını tabloya yazdırıb – 1:1. Matçın 88-ci dəqiqəsində turinlilər hesabda önə keçməyə nail olublar. Oyunun baş hakimi Marko Quidanın təyin etdiyi 11 metrlik cərimə zərbəsini Kriştiano Ronaldo dəqiq zərbə ilə tamamlayıb – 1:2. Bu portuqaliyalı ulduzun çempionatda vurduğu 14-cü qol olub. Beləliklə, “Yuventus” İtaliya A Seriyasında ardıcıl üçüncü qələbəsini qazanıb. Turun gözlənilməz hesabı isə “Torino” – “İnter” oyununda qeydə alınıb. Milan təmsilçisi səfərdə “Torino”ya minimal hesabla məğlub olub (1:0). Günün digər maraqlı görüşlərindən biri “Atleti Azzuri” stadionunda keçirilib. “Atalanta” doğma azarkeşlər önündə çempionatın favoritlərindən sayılan “Roma” komandasını qəbul edib. Qonaqlar hesabda 3:0 irəlidə olsa da, “Atalanta” oyunda dönüş yaradıb. Meydan sahibləri ardıcıl üç qol vuraraq məğlubiyyətdən xilas olublar. Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Sassuolo” – “Kalyari” – 3:0; “Sampdoriya” – “Udineze” – 4:0; “Milan” – “Napoli” – 0:0; “Kyevo” – “Fiorentino” – 3:4; “Bolonya” – “Frosinone” – 0:4; “Parma” – SPAL – 2:3. Qeyd edək ki, 21 turdan sonra turnir cədvəlinə 59 xalla “Yuventus” klubu başçılıq edir, 48 xalla “Napoli” ikinci, “İnter” 40 xalla üçüncü, “Milan” isə 35 xalla dördüncü yerdə qərarlaşıb. Tura yanvarın 28-də “Empoli”-“Genoa” oyunu ilə yekun vurulacaq. Geri qayıt |