Əsas Səhifə > Dünya idmanı > Türkiyə Superliqası: “Başakşəhər” ən yaxın izləyicisi ilə arasındakı xal fərqini altıya yüksəldib
Türkiyə Superliqası: “Başakşəhər” ən yaxın izləyicisi ilə arasındakı xal fərqini altıya yüksəldib20-01-2019, 23:38 |
Yanvarın 20-də futbol üzrə Türkiyə Superliqasının XVIII turunda çempionatın lideri “Başakşəhər” komandası səfərdə turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan “Trabzonspor”la qarşılaşıb. BrendSport.az xəbər verir ki, matç İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların üstünlüyü şəraitində keçən oyunda “Başakşəhər”in heyətində qolları İrfan Kahveci (32), Qael Cliçi (42) və Edin Viska (86) vurublar. Matçda ev sahiblərinin qanalı yarımmüdafiəçisi Caleb Ekuban 48-ci dəqiqədə topu öz komandasının, bundan 73 saniyə sonra isə rəqibin qapısından keçirib. “Trabzonspor”un heyətində 80-ci dəqiqədə Yusuf Yazıcı daha bir dəfə fərqlənib. Bu qalibiyyət sayəsində baş məşqçi Abdulla Avcının yetirmələri xallarının sayını 38-ə yüksəldib və turnir cədvəlində ilk pillədəki yerini möhkəmləndirib. İstanbul komandası ən yaxın izləyicisi olan “Qalatasaray”dan altı xal irəlidədir. Bu qarşılaşmada “Başakşəhər” heyətində yeni transferi, braziliyalı ulduz hücumçu Robino ilk dəfə klubun formasını geyinib. Qeyd edək ki, bu komandalar indiyədək 24 dəfə qarşılaşıblar. Bu oyunlardan 11-də "Trabzonspor", 6-da "Başakşəhər" qələbə qazanıb. Yeddi görüş isə heç-heçə yekunlaşıb. Bu gün oynanılan digər görüşdə "Alanyaspor" komandası "Sivasspor"u 2:0 hesabı ilə məğlub edib. Hazırda "Başakşəhər" komandası 38 xalla çempionata başçılıq edir. Hesablarında 32 xalı olan "Qalatasaray" və "Yeni Malatyaspor" turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşürlər. Geri qayıt |