Əsas Səhifə > Dünya idmanı > İngiltərənin laun-tennis və kroket klubu Endi Marreyə heykəl qoyacaq
İngiltərənin laun-tennis və kroket klubu Endi Marreyə heykəl qoyacaq14-01-2019, 23:26 |
İngiltərənin laun-tennis (“böyük” tennis) və kroket klubu (AELTC) Uimbldonda britaniyalı tennisçi Endi Marreyin heykəlini qoyacaq. Britaniyanın BBC teleradioyayım korporasiyasının verdiyi məlumata görə, 31 yaşlı Marrey bildirib ki, 2019-cu ildə öz idman karyerasını tamamlamağı nəzərdə tutur. İdmançı vurğulayıb ki, iyul ayında Uimbldonda oynamaq istəyərdi, lakin omba nahiyəsində yaranmış problemlərlə əlaqədar, ola bilsin, karyerasını daha tez başa çatdıracaq. BrendSport.az TASS agentliyinə istinadla bildirir ki, bu halda Avstraliya Açıq Çempionatı Marreyin iştirak edəcəyi sonuncu turnir olacaq. Uimbldon turnirinin matçları AELTS kortlarında keçirilir. Klubun icraçı direktoru Riçard Lyuis deyib: “Çoxdan qərara almışıq ki, Marrey karyerasını başa çatdıranda biz onun parlaq çıxışlarına görə ehtiramımızı bildirməliyik. Həmişə düşünürdük ki, ona heykəl qoysaq, yaxşı olar!” 2017-ci ilin iyul ayında Marreyin ombası zədələnib. 2018-ci ilin yanvar ayında ona əməliyyat aparılıb. Həmin əməliyyatdan sonra britaniyalı tennisçi yalnız keçən ilin iyun ayında tennis kortuna çıxa bilib, lakin Uimbldon turnirində iştirak etməyib. ABŞ Açıq Çempionatında ikinci raundda mübarizəni dayandıran Marrey sonuncu görüşü isə 2018-ci ilin sentyabr ayında Çinin Şençjen şəhərində keçirib. Marrey təkbaşına yarışlarda 45 dəfə, o cümlədən böyük dəbilqə turnirlərində 3 dəfə titul qazanıb, ABŞ-ın Açıq Çempionatında (2012) və Uimbldonda (2013, 2016) qalib gəlib. Bu idmançı 5 dəfə (2010, 2011, 2013, 2015, 2016) Avstraliya Açıq Çempionatının finalçısı olub. Marrey kişilərin təkbətək yarışlarında iki olimpiadanın (2012, 2016) qızıl medalını qazanmış yeganə tennisçidir. 2015-ci ildə Böyük Britaniya yığmasında Devis Kuboku qazanmış tennisçi 41 həftə ərzində dünyanın birinci raketkası statusuna malik olub. Geri qayıt |