Əsas Səhifə > Dünya idmanı > İspaniya La Liqası: “Barselona” iki tur qələbə qazana bilməsə də, birinci pillədə qərarlaşıb

İspaniya La Liqası: “Barselona” iki tur qələbə qazana bilməsə də, birinci pillədə qərarlaşıb


25-11-2018, 17:31



Noyabrın 24-də İspaniya La Liqasında 13-cü turun növbəti oyunu keçirilib.

BrendSport.az xəbər verir ki, turun maraq doğuran oyunu Madriddə "Metropolitano" stadionunda keçirilib. Çempion "Barselona" "Atletiko Madrid" klubunun qonağı olub. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Birinci hissədə hesab açılmasa da qarşılaşmanın ikinci yarısında komandalar hərəyə bir qol vurub. İlk fərqlənən tərəf Madrid təmsilçiləri olub. Belə ki, Antuan Qruzmanın künc ötürməsini Dieqo Kosta dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Matçın başa çatmasına bir dəqiqə qalmış katalonyalılar məğlubiyyətdən xilas olublar. Osman Dembele vacib qolun vurub - 1:1.

Beləliklə, "Barselona" iki tur qələbə qazana bilməsə də, 25 xalla birinci pillədə qərarlaşıb. "Atletiko Madrid" isə 24 xalla ikinci yerdədir.

"Barselona"nın və "Atletiko Madrid"in əsas rəqibi sayılan "Real Madrid" isə bu gün səfərdə "Eybar" klubuna gözlənilmədən məğlub olub (3:0).

Matçda hesabı meydan sahibləri açıblar. Qonzalo Eskalante cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0. Qoldan sonra irəli atılan “kral klubu” rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, ilk hissədə hesab dəyişməyib.

Fasilədən sonra hesabı bərabərləşdirmək üçün təzyiqi daha da artıran paytaxt təmsilçisini əks-hücumlarda yaxalayan ev sahibləri 5 dəqiqədə iki dəfə fərqləniblər. Belə ki, matçın 52-ci dəqiqəsində Sergi Enriç, beş dəqiqə sonra isə Kike adlarını tabloya yazdırıblar.

Xatırladaq ki, turun açılış matçında “Leqanes” öz meydanında “Deportivo Alaves”i minimal hesabla məğlub etmişdi (1:0).

On üçüncü turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:

"Valensiya" - "Rayo Vallekano" - 3:0

"Hueska"-"Levante" - 2:2.
Geri qayıt