Əsas Səhifə > Dünya idmanı > Güləşçilərimiz Buxarestdə dünya çempionatında güclərini sınayacaqlar

Güləşçilərimiz Buxarestdə dünya çempionatında güclərini sınayacaqlar


8-11-2018, 18:21


Noyabrın 12-dən 18-dək Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək.

BrendSport xəbər verir ki, mundialda ölkəmizi hər 3 yığmamız təmsil edəcək.

Baş məşqçi Şaban Donat, məşqçilər Emin Əhmədov və Turac Hüseyinlinin rəhbərliyi altında yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Ramiz Məmmədov (63 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) qalib adı uğrunda yarışacaqlar. Komandamız noyabrın 10-da yola düşəcək.

Baş məşqçi Aslan Ağayevin başçılığı altında qadınlardan ibarət millimizin üç üzvü - Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) qüvvəsini sınayacaq. Zərif cinsin nümayəndələri noyabrın 12-də Buxarestə yollanacaqlar.

Baş məşqçi Firdovsi Umudov və məşqçilər Arif Abdullayev, Sadruddin Ayqubovun rəhbərliyi altında sərbəst güləşçilərdən Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Əli Rəhimzadə (65 kq), İsmayıl Abdullayev (74 kq), Murad Süleymanov (86 kq), Şamil Zubairov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) Rumıniyanın paytaxtında mübarizə aparacaqlar. Komandamız səfərə noyabrın 14-də çıxacaq.

Dünya çempionatının proqramına əsasən, əvvəlcə yunan-Roma güləşçiləri (12-14 noyabr), daha sonra qadınlar (14-16 noyabr), ən sonda isə sərbəst güləşçilər (16-18 noyabr) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, I-S dərəcəli beynəlxalq hakim İntiqam Alıyev mundialda ədaləti qoruyacaq.
Geri qayıt