Əsas Səhifə > Dünya idmanı > Premyerliqa: “Tottenhem” “Sanderlend”ə uduzaraq autsayderlər zonasında qalıb
Premyerliqa: “Tottenhem” “Sanderlend”ə uduzaraq autsayderlər zonasında qalıbBu gün, 19:45 |
![]() İngiltərə Premyerliqasının 32-ci turu çərçivəsində “Sanderlend” və “Tottenhem” komandaları üz-üzə gəliblər. “Sanderlend”dəki “Stedium of Layt” stadionunda keçirilən və Robert Consun idarə etdiyi qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. BrendSport.az xəbər verir ki, matçın yeganə qolunu 61-ci dəqiqədə Nordi Mukiele vurub. Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran “Sanderlend” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 30 xalı olan “Tottenhem” isə 18-ci sıradadır. Növbəti turda “qara pişiklər” aprelin 19-da səfərdə “Aston Villa” ilə, “mahmızlar” isə aprelin 18-də doğma meydanda “Brayton”la qarşılaşacaqlar. “Kristal Palas” isə öz meydanında “Nyukasl”ı qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı geridönüşü ilə yekunlaşıb. Qonaqlar 43-cü dəqiqədə Uilyam Osulanın qolu ilə önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər. “Kristal Palas”ın hücumçusu Jan-Filipp Mateta 80-ci dəqiqədə tarazlığı bərpa edib, 90+4-cü dəqiqədə isə dublunu rəsmiləşdirərək komandasına üç xal qazandırıb. Bu oyundan sonra hər iki komandanın aktivində 42 xal var. “Kristal Palas” 13-cü, “Nyukasl” isə 14-cü pillədə yer alıb. Növbəti turda “qartallar” aprelin 20-də “Vest Hem”i qəbul edəcək, “sağsağanlar” isə aprelin 18-də evdə “Bornmut”u sınağa çəkəcəklər. Paralel keçən “Nottingem Forest” - “Aston Villa” matçında qalib müəyyənləşməyib. Matçın 23-cü dəqiqəsində Murillonun avtoqolu qonaqları önə keçirib. Lakin “meşəbəyilər” 38-ci dəqiqədə Neko Uilyamsın vurduğu qolla bərabərliyi təmin ediblər. Bu heç-heçədən sonra 33 xalı olan “Nottingem Forest” 16-cı pillədə qərarlaşıb. 55 xalla turnir cədvəlinin dördüncü sırasında olan “Aston Villa” isə Çempionlar Liqası zonasındakı yerini qoruyub. Növbəti turda “Nottingem Forest” aprelin 19-da “Bernli”ni qəbul edəcək. Həmin gün “Aston Villa” isə doğma meydanda “Sanderlend”lə üz-üzə gələcəklər. Geri qayıt |