Əsas Səhifə > Dünya idmanı > Dünya çempionu: “Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm”

Dünya çempionu: “Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm”


26-08-2023, 14:30


“Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm”.

BrendSport.az
xəbər verir ki, bunu Bakıda təşkil olunan dünya çempionatında kişilər arasında 300 metr məsafəyə tüfəngdən atəşaçma növünün qalibi olan macarıstanlı İştvan Peni deyib.

26 yaşlı idmançı Azərbaycan paytaxtı və Bakı Atıcılıq Mərkəzi barədə xoş fikirlər səsləndirib: “Bakıya ilk dəfə 2015-ci ildə gəlmişəm. Burada alışmadığımız tək şey havanın tez-tez küləkli olmasıdır. Bu da təbii prosesdir. Çünki Bakı küləklər şəhəridir. Amma paytaxtınız və bu mərkəz çox gözəldir. Bakı hər dəfə dəyişir. Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyətinə də toxunmaq lazımdır. Burada böyük işlər görülür. Yaradılan mərkəz sayəsində bu idman növünün inkişafı yönündə addımlar atılır. Belə yarışların təşkili bunu sübut edir”.


O, mükafatlandırma mərasimindən sonra yarışla bağlı təəssüratlarını da bölüşüb: “300 metr məsafəyə tüfəngdən atəşaçma çox çətin növdür. Normal yarışlardan fərqli olaraq, bizim tüfəngimizin çəkisi ağır olur. Digər növlərlə müqayisədə bir az çətinlik yaradır. Amma hədəfin ölçüsü böyük olur. Qalib gəldiyim üçün xoşbəxtəm. 2018-ci ildəki dünya çempionatında gümüş, ötən il Misirdə keçirilən mundialda isə bürünc medal qazanmışdım. Nəhayət, Bakıda qızıl medal mənim oldu. Artıq kolleksiyamda bir dəst medal var”.

Macarıstanlı atıcı olimpiya növü olmamasına baxmayaraq, bu kateqoriyanı seçməsinin səbəbini də açıqlayıb: “10, 25 və 50 metr məsafəyə atəşaçma növlərində də iştirak etmişəm. Niyə 300 metri sevirəm? Ümumiyyətlə, atıcılıq mənim həyatımdır. Silahı tutmaq, onunla davranmaq, barıtın qoxusu, patronun düşməsi... Bunların hamısı mənim üçün stimul və əyləncədir”.

Qeyd edək ki, İştvan Peni 587 xal toplayaraq, dünya çempionu olub.
Geri qayıt