Əsas Səhifə > Digər > YARIMÇIQ QALMIŞ ÖMÜR NƏĞMƏLƏRİ
YARIMÇIQ QALMIŞ ÖMÜR NƏĞMƏLƏRİ11-12-2020, 12:25 |
Zamanın axarında burulğana düşmüş Qarabağ, Azərbaycan xalqının 30 il qaysaq bağlamayan yaralarına hər gün duz basırdı. Artıq vaxt da, zaman da bezib yorulmuşdu gözləməkdən. Hamının səbr kasası dolmuşdu, bir himə bənd idilər... "Ali Baş Komandan, əmrinizi gözləyirik"-deyənlərin sayı günbəgün artırdı və bir gün-2020-ci ilin sentyabr ayının 27-də bu əmr verildi. Mənəm-mənəm deyən düşmənin lovğalanması özünə baha başa gəldi. 44 günlük müharibədə düşmən darmadağın edildi, "məğlubedilməz"lik mifi puça çıxdı. Bu döyüşlərdə xalqımızın mərd, cəsur, qeyrətli oğulları da Şəhidlik zirvəsinə ucaldılar. Bu şəhidlərdən bir neçəsi haqqında söhbət açmaq istəyirəm. O şəhidlər ki, Vətən Müharibəsi başlayan gündən Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin səsinə səs verdilər, silaha sarılıb düşmənə laiqli cavab verdilər və Qarabağın azadlığı uğrunda gedən ölüm-dirim savaşında Şəhidlik zirvəsinə ucaldılar. Onlar Beyləqan rayonunun Milabad qəsəbəsində doğulmuşdular. Məndən bir-iki sinif aşağı oxusalar da, hər biri ilə münasibətim, şəxsi yaxınlığım var idi. Məktəbi bitirdikdən sonra tale yollarımızı ayırdı. ÇAVUŞ NƏSİROV İLYAS ARZUMAN OĞLU. Hələ orta məktəbdə oxuyarkən yaşıdlarından seçilərdi. Düzlüyünə, dürüstlüyünə görə onu barmaqla göstərərdilər. Qarabağ savaşı başlayan kimi silaha sarıldı, gözünü qırpmadan döyüşlərə atıldı... Hərdi xidmətini başa vursa da Milli Orduda xidmətini davam etdirmək qərarına gəlmişdi. Arzusu çin oldu. Hərb sənətinə mükəmməl yiyələnən İlyas hərbi xidməti dövründə "Hərbi xidmətdə fərqlənməyə görə", "Silahlı Qüvvələrin 90 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi", "Qüsursuz hərbi xidmətə görə 3-cu dərəcəli" medallarla təltif olunmuşdu. Aprel döyüşlərində göstərdiyi igidliyi də yüksək qiymətləndirilmişdi. "İgidliyə görə" medalını İlyasa Ali Baş Komandan, cənab İlham Əliyev şəxsən təqdim etmişdi... 2020-ci ilin sentyabr ayının 27-si başlayan döyüşlərdə xüsusilə fərqlənən kəşfiyatçı İlyas Nəsirov daha qaynar nöqtələrdə görunər, döyüş tapşırıqlarını layiqincə yerinə yetirərdi. Silahdaşları arasında "Dayı" ləğəbi ilə məşhur olan İlyas bu qürurverici ləqəbi nümunəvi davranışı, tələbkarlığı, qayğıkeşliyi sayəsində qazanmışdı. 1985-ci ildə doğulmuşdu İlyas Nəsirov. Arzuları yarımçıq qaldı bu igidin. Qubadlı və Laçın rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə 21 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Üç uşaq atası olan İlyas Nəsirova övladlarını böyüdüb boya-başa çatdırmaq qismət olmadı... Bu gün onun övladlarını ömür-gün yoldaşı Aytəkin xanın böyüdür... Milabadın qəhrəmanlarından biri də BAYRAMOV ELBRUS EYVAZ OĞLUDUR. Mayor Elbrus Bayramov Milli Ordumuzun zabiti idi. 1986-cı il dekabrın 1-də dünyaya göz acmışdı. Hərbi xidməti dövründə nümunəvi xidmətinə görə dəfələrlə təşəkkürlər almışdı. Tabeliyində olan əsgər, çavuş və gizir heyəti ilə rəftarı, davranışı onu şəxsi heyətin sevimlisinə çevirmişdi. Vətən Müharibəsi başlayanda mayor Elbrus Bayramov da ön sıralarda oldu, vəzifə borcunu layiqincə yerinə yetirdi, tabeliyində olan əsgər heyəti ilə çiyin-çiyinə vuruşdu. İgid komandir Elbrus Bayramov 2020-ci ilin oktyabr ayının 2-də Fizuli rayonu uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edərək, özü də qəhrəmancasına həlak oldu. Milabad igidlərindən biri də İSGƏNDƏROV ƏLİZAMİN HƏMİD OĞLUDUR. Əlizamin 1977-ci ildə anadan olmuşdu. Vətənə olan sonsuz sevgisi onu da ilk silaha sarılanlardan etmişdi. Bu günlərdə Əlizaminin çəkdiyi videogörüntüyə baxdım. Əlizamin:" Sağ qalsam görüşərik, ölsəm bu videoya baxıb xatırlayarsınız"-deyir yaxınlarına, doğmalarına. Elə bil ürəyinə damıbmış ki, son döyüşüdür bu döyüş. 2020-ci il,Noyabr ayının 5-i Şuşa şəhərinin ətrafında düşmənin qurduğu keçilməz istehkamı yarmaq əmri verilmişdi. Bu döyüşlərdə xüsusi şücaətlər göstərən Əlizamin şəhid oldu. Döyüş dostları, silahdaşları Əlizamın İsgəndərov haqqında bircə bunu dedilər: "Kişi kimi döyüşdü, qəhrəman kimi şəhid oldu." Müqəddəs Şəhidlik zirvəsinə ucalan Milabad oğullarından biri də çavuş HİKMƏT BABAŞOVDUR. 1977-ci ildə anadan olan,2020-ci il,8 noyabrda sinəsini düşmən gülləsinə sipər edən bu qəhrəman eloğlumun igidlikləri haqqında əfsanələr dolaşır. Belə oğulları olan Vətən hec vaxt basılmaz, ayağa qalxdısa düşmənini əzib keçər, haqlıya, məzluma arxa çevirməz. Bəli Beyləqan rayonunun Milabad qəsəbəsinin ölməz və unudulmaz şəhidləri də məhz bu amalla döyüşdülər, öz ideyaları uğrunda da Şəhidlik zirvəsinə ucaldılar. Milabadın qəhrəman şəhidləri sırasında MAYILXANLI İLQAR NADİR OĞLU da var. 1998-ci il,iyulun 24-də dünyaya göz açan çavuş İlqar Mayılxanlı da Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə Fizuli istiqamətində qatıldı. Düşmən Yuxarı Əbdürəhmanlı kəndindəki istehkamlarından çıxmaq istəmirdilər. Bu istehkamları yarmaq döyüşçülərimiz üçün asan olmadı. 2020-ci il,27 sentyabrda gedən qızğın döyüşlərin birində İlqar Mayılxanlı da şəhidlik zirvəsinə ucaldı. ÇAVUŞ ELVİN DAYANDUR OĞLU MƏMMƏDOV. İgid, qorxmaz, ölümün gözünün içinə düz baxan oğul idi. 44 günlük Vətən Müharibəsinin 42 gününü silaha sarıldı, səngərlərdə yatdı, düşmənlə əlbəyaxa oldu, amma yoruldum, usandım demədi... Rəşadətli Ordumuz Qarabağın baş tacı olan Şuşa şəhərinin qala divarlarının bir neçə addımlığında dayanmışdı. Komandanlıqdan əmr gəlmişdi ki, Şuşa musiqi beşiyi, qədim abidələr şəhəridir. Ona görə də şəhərə top, qrad, raket mərmiləri atmaq, eləcə də iriçaplı güllələrdən istifadə etmək olmaz. Elvin də, silahdaşları da bilirdilər ki, düşmənlə əlbəyaxa döyüşməli olacaqlar... Əlbəyaxa döyüşlər başladı və düşmən əsgərləri hiss etdilər ki, qəhrəman azərbaycan əsgəri ilə uzbəüzdürlər. Son və qəti döyüşdə düşmən məğlub oldu. 2020-ci ilin noyabr ayının 8-i Şuşa şəhərinin 28 illik işğaldan azad edildiyi gün şəhid oldu Elvin Məmmədov. Noyabr ayının 10-da ermənilər TƏSLİM aktına qol çəkmək məcburiyyətində qaldı. Elvin Məmmədov da bu günü görə bilmədi... Bu gün Milabad şəhidlərinin uyuduğu qəbristanlıq milabadlıların qibləgahına çevrilib. Hər gün bura dəstə-dəstə adamlar gəlir, şəhidləri ziyarət edir, daş sinələrinə tər çiçəklər düzə-düzə ruhlarına pıçıltı ilə dualar oxuyurlar... ...Və hərdən bu pıçıltılar arasında şəhid analarının YARIMÇIQ QALMIŞ ÖMÜR NƏĞMƏLƏRİni də eşitmək olur... Rauf Adiloğlu Geri qayıt |