Əsas Səhifə > Digər > “Uşaqlar dövlətin başlıca sərvətidir”

“Uşaqlar dövlətin başlıca sərvətidir”


22-11-2018, 09:53


20 Noyabr – Ümumdünya Uşaqlar Günü münasibətilə Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Cəlilabad Mərkəzi Kitabxanasının Uşaq şöbəsi ilə birgə “Uşaqlar dövlətin başlıca sərvətidir” adlı tədbir keçirilib. Tədbir Dövlət himnimizin səslənməsi ilə başlayıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın adından uşaqları salamlayaraq, onları bu əlamətdar gün münasibətilə təbrik edib. Z.İsmayılov BMT-nin Uşaq Hüquqları Konvensiyasının yaranma tarixi haqda söz açıb və bu sənədin qəbul edildiyi 20 noyabr tarixinin hər il dünyada Ümumdünya Uşaqlar günü kimi qeyd olunduğunu vurğulayıb, Konvensiyanın məqsədi, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında, Uşaq Hüquqları haqqında Qanunda və digər milli qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquq və vəzifələr, uşaq hüquqlarının müdafiə mexanizmləri barədə məlumat verib.

Z.İsmayılov çıxışında Ümummilli lider Heydər Əliyevin hər zaman uşaqları diqqətdə saxladığını, yürütdüyü dövlət uşaq siyasətinin davamı olaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən uşaqların sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönəlmiş tədbirlərin həyata keçirildiyini, uğurlu islahatların aparıldığını diqqətə çatdırıb. Tədbirdə o da diqqətə çatdırılıb ki, ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın da həyata keçirdiyi sosial layihələr, gördüyü dəyərli işlər uşaqların inkişafına, rifah hallarının yüksəldilməsinə xidmət edir.

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Hüseynov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun salamlarını çatdıraraq, uşaq hüquqlarının qorunmasının və müdafiəsinin Dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, bu sahədə çoxşaxəli fəaliyyət həyata keçirildiyini bildirdi. Cəlilabad Rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri Rəna Təhməzova uşaq hüquqlarının əhəmiyyətindən və bu sahədə apardıqları səmərəli fəaliyyət barədə uşaqlara geniş məlumat verdi.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin baş məsləhətçisi X.Şəmili Regional Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verdi. Daha sonra gələcəyimiz olan uşaqlar üçün maraqlı oyunlar, yarışmalar təşkil olundu. Keçirilən tədbir gələcəyimiz olan əziz uşaqlara çox xoş təsir bağışladı.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi






Geri qayıt