Əsas Səhifə > Digər > Bizi soxduğunuz yerdəyik, Rövnəq Abdullayev
Bizi soxduğunuz yerdəyik, Rövnəq Abdullayev7-09-2017, 14:42 |
Rəşad Ergün email: reshadergun@gmail.com And olsun UEFA-nın əsas sponsorlarından olan SOCAR-ın borusuna, And olsun Premyer Liqa kimi əzəmətli ad altında gizlənmiş məhəllə çempionatını xatırladan çempionatın yarımçıqlığına, əzikliyinə, And olsun hazırda Premyer Liqada 3 komandanın altında sırayla düzülmüş, AFFA-nın əzizlədiyi, cibinə pul basdığı o 5 klubun təpəsinə, And olsun İmişlidə, Yevlaxda, Şəmkirdə, Naxçıvanda, Masallıda, Lənkəranda, Zaqatalada öz əllərinizlə torpağa tapşırdığınız klubların ruhuna, And olsun ən aşağısından ən yuxarısına kimi milli komandalara doldurduğunuz Taşkın Sərtanın, Serkan Baloğlunun, Onur Albayrakın, Ozan Can Kökcünün, Mustafa Özhitayın, Gülər Mətinin, Barış Ekincierin, Riçard Almeydanın tapındığı dinə, peyğəmbərə, kitaba, And olsun başına olmazın oyunlar açdığınız, rüsvay etdiyiniz, həvəskar komanda səviyyəsinə saldığınız 80 illik “Neftçi”nin ağrılarına, acılarına, And olsun “Bakı”nın, “Rəvan”ın, “Standart”ın torpağa qarışmış cəmdəyinə, And olsun gələnə-gedənə uduzan, gələndən 3, gedəndən 5 top yeyən 21 yaşlılardan ibarət millinizdə forma geyinənlərin olmayan gələcəyinə, And olsun kölgədə gizlənib, anasını ağlar qoyduğu futbolun göz yaşlarını ləzzətlə seyr edən Elşad Nəsirovun baxışlarına, And olsun bir neçə il əvvəl Almaniyada futbol məktəbi açmaq adı altında xeyli pulun başına daş salan Rauf Əliyevin başına, And olsun Azərbaycan futbolundakı bütün biabırçılıqlardan, rüsvayçılıqlardan gülümsəyərək, məsum şəkildə, sanki bütün bunların ona dəxli yoxmuş kimi sıyrılıb çıxan Elxan Məmmədovun təbəssümünə, And olsun bir ayağı AFFA-da, digər ayağı “Kəpəz”də olan Mikayıl Nərimanoğlunun “şpaqat”ına, And olsun sizin “F”-sını belə bilmədiyiniz futbolun incəliklərinə, dərinliklərinə, And olsun Məşqçilər Komitəsi adı altında pul verib səsini kəsdiyiniz Vaqif Sadıqovun, Ağasəlim Mircavadovun, Böyükağa Hacıyevin susqunluğuna, And olsun Yaşar Vahabzadəni, başqalarını qovmağınıza rəğmən, milli komandalara cavabdeh şəxslərdən biri, həmişə əzizlədiyiniz Bernhart Lippertin sizin üçün əziz olan canına, And olsun San Marino ilə oyundan sonra dediyiniz “Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq” cümləsinin gözəlliyinə, biz heç vaxt göydə olmadıq, həmişə bizi soxduğunuz yerdə - yerin dibində olduq, Rövnəq Abdullayev. Geri qayıt |