Əsas Səhifə > Digər > AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub

AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub


Bu gün, 13:46


Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri Milli Antidopinq Təşkilatları İnstitutu tərəfindən “Antidopinqin gələcəyi üçün rəhbər prinsiplər” silsiləsi çərçivəsində təşkil olunan “Fəaliyyətin keyfiyyəti və innovasiya” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər.

BrendSport.az
xəbər verir ki, AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə “Antidopinqdə innovasiya: Təmiz idman nailiyyətləri üçün təhsil və süni intellektdən məsuliyyətli istifadə” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat antidopinq təhsilində innovativ yanaşmalara, idmançıların potensialının inkişaf etdirilməsinə və süni intellekt texnologiyalarının məsuliyyətli tətbiqinə həsr olunub. Çıxışında Təhminə Tağı-zadə ənənəvi, əsasən qadağalar və antidopinq qaydalarının pozulmasının nəticələri barədə məlumatlandırmaya əsaslanan təhsil modellərindən daha kompleks yanaşmaya keçidin vacibliyini vurğulayıb. Bu yanaşma təmiz idman mədəniyyətinin formalaşdırılmasını və qadağan olunmuş maddə və üsullardan istifadə etmədən yüksək idman nəticələrinin əldə olunmasını nəzərdə tutur.

Təqdimatın əsas istiqamətlərindən biri CLEAN konsepsiyası olub. Konsepsiya idmançının fərdi qiymətləndirilməsi, məşq yüklərinin rasional idarə olunması, orqanizmin enerji və zəruri resurslarla elmi əsaslandırılmış təminatı, bərpa və adaptasiya prosesləri, eləcə də psixoloji hazırlıq və antidopinq savadlılığının artırılması kimi beş qarşılıqlı əlaqəli istiqaməti birləşdirir.

Təqdimatın ayrıca hissəsi süni intellektin antidopinq təhsilinin fərdiləşdirilməsində yaratdığı imkanlara həsr olunub. İdmançıların yaşı, idman növü və tədris dili nəzərə alınmaqla adaptiv təhsil proqramlarının hazırlanması perspektivləri müzakirə edilib.

Bununla yanaşı, AMADA-nın İcraçı direktoru yeni texnologiyaların məsuliyyətli tətbiqinin, şəxsi məlumatların məxfiliyinin qorunmasının, alqoritmlərin şəffaflığının və süni intellekt vasitəsilə dəstəklənən qərarlar üzərində insan nəzarətinin saxlanılmasının prinsipial əhəmiyyətini vurğulayıb.

Beynəlxalq vebinarın moderatoru AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev olub. O, antidopinq fəaliyyətində keyfiyyətin yalnız təşkilati proseslərin səmərəliliyi ilə deyil, həm də idmançılar üçün praktik əhəmiyyəti, təhsil resurslarının əlçatanlığı və antidopinq təşkilatlarının texnoloji dəyişikliklərə uyğunlaşmaq qabiliyyəti ilə qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, vebinarda, həmçinin USADA (ABŞ), UKAD (Böyük Britaniya), KADA (Koreya Respublikası) və Şərqi Timorun antidopinq təşkilatlarının, eləcə də İsveçrənin “Berlinger” şirkətinin nümayəndələri iştirak ediblər. İştirakçılar antidopinq fəaliyyətinin elmi təminatı, məlumatların təhlili, institusional inkişaf, keyfiyyətin təmin edilməsi və texnoloji innovasiyalar sahəsində təcrübələrini bölüşüblər.
Geri qayıt