Əsas Səhifə > Digər > “Çendu-2021” 31-ci Dünya Yay Universiadasının açılış mərasimi keçirilib
“Çendu-2021” 31-ci Dünya Yay Universiadasının açılış mərasimi keçirilib28-07-2023, 18:00 |
Çində Çendu şəhərində 31-ci Dünya Yay Universiadasının rəsmi açılış mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, Donqan gölü idman parkı stadionunda keçirilən açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə yanaşı, bir neçə xarici ölkənin dövlət və hökumət başçıları, yüksəkvəzifəli qonaqlar iştirak ediblər. Avqustun 8-dək davam edəcək tələbələrin yay universiadasında 113 ölkədən 6500 tələbə idmanın 18 növü üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışların təşkili üçün 49 arena ayrılıb ki, onlardan 13-ü yeni inşa olunub. Təxminən 11 min idmançı və heyət üzvünün yaşadığı “Atletlər kəndi” Çendu Universitetinin kampusunda yerləşir. Universiadalar tarixində ilk dəfədir ki, “Atletlər kəndi” ali təhsil ocağının kampusunda yaradılıb. Çendu Pekin və Şencendən sonra Çində yay universiadasının təşkil olunduğu üçüncü şəhərdir. Qeyd edək ki, cədvəl üzrə 2021-ci ildə keçirilməli olan 31-ci Yay Universiadasının vaxtı pandemiya səbəbindən “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə əlaqədar 2022-ci ilin iyununa təxirə salınmışdı. Amma ötən ilin mayında FISU “Çendu-2021” universiadasını daha bir il təxirə salmaq barədə qərar qəbul edib. Azərbaycanı “Çendu-2021” Universiadasında 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 88 atlet 16 idman növündə təmsil edəcək. Azərbaycan komandasının bayraqdarı kişilərdə atlet Nazim Babayev, qadınlarda cüdoçu Gültac Məmmədəliyevadır. Ölkəmiz universiadalar tarixində ilk dəfə ən böyük heyətlə təmsil olunur. Geri qayıt |