Əsas Səhifə > Digər > Samir Hüseynov: Hakimlərin ədalətsizliyi olmasaydı daha çox medal qazanardıq

Samir Hüseynov: Hakimlərin ədalətsizliyi olmasaydı daha çox medal qazanardıq


15-05-2023, 14:50
Samir Hüseynov: Hakimlərin ədalətsizliyi olmasaydı daha çox medal qazanardıq


Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.
BrendSport.az xəbər verir ki, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Azərbaycan Boks Federasiyasının (ABF) prezidentinin müşaviri Samir Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, 107 ölkənin iştirakı ilə keçirilən dünya çempionatından 2 medalla qayıtmaq sevindirici haldır: “Hakimlərin ədalətsizliyi olmasaydı, mükafatların sayı daha çox, əyarı da yüksək olardı. İdmançılarımız güclərini göstərdilər, inamlı qələbələr qazandılar. Hesab edirik ki, bundan sonra da davamı gələcək. Qarşıda bizi Polşada keçiriləcək üçüncü Avropa Oyunları gözləyir. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından çox əhəmiyyətli yarışdır. Fikrimcə, dünya çempionatında həm boksçuların, həm də məşqçilərin zəhməti boşa getmədi. Əlbəttə, idmançılarımızın döyüşlərini, güclü və zəif cəhətlərini bir-bir təhlil edəcəyik. Avropa Oyunlarına da tam heyətlə yollanacağıq. Burada kişi boksçularımızla yanaşı, qadınlardan ibarət millimiz də iştirak edəcək. Olimpiadaya lisenziyalar qazanmaq üçün böyük şanslarımız olacaq”.
Milli komandanın böyük məşqçisi Nəriman Abdullayevin sözlərinə görə, mundialda bəzi ölkələrin idmançıları çıxış etməsə də, çox çətin yarış keçib. Bildirib ki, çempionatda güclü boksçular mübarizə aparırdılar. Özbəkistan, Qazaxıstan və Kuba komandaları çox yaxşı çıxış etdilər. Əgər digər ölkələr olsaydı belə bu yığmalar yenə sözünü deyəcəkdi. Millimizə gəlincə, bir neçə döyüşdə problemlə üzləşdik, hakimlərin səhvi oldu. Qızıl medal qazana bilmədik. Şanslarımız böyük idi. Bəzi döyüşlərdə üstünlük olurdu, lakin əlavə referilər nəticəni dəyişə bilirdilər. Məsələn, bu hal Nicat Hüseynovun görüşündə yaşandı. Hesab boksçumuzun xeyrinə idi, lakin əlavə hakimlər üstünlüyü rəqibə verdilər. Qarşıda bizi Avropa Oyunları gözləyir. Vaxt da çox azdır. Ümid edirəm ki, Avropa Oyunlarında komandamız daha uğurlu çıxış edəcək.
Dünya çempionatında bürünc medal qazanan Məhəmməd Abdullayev (+92 kq) bildirib ki, növbəti mundailda əsas hədəfim “qızıl” olacaq. “Döyüşlərim yaxşı keçdi. Zəif rəqib yox idi. Ardıcıl olaraq, Meksika, Əlcəzair və Gürcüstan boksçularına qalib gələrək, yarımfinala yüksəldim. Yarımfinalda kubalı idmançı ilə üz-üzə gəldim. Finala çıxa bilmədim, üçüncü yerlə kifayətləndim. Növbəti dünya çempionatlarında “bürünc”ü “qızıl”a çevirməyə çalışacağam. Qarşıdakı hədəf isə Avropa Oyunlarında finala vəsiqə qazanmaqdır. Çünki çıxış etdiyim çəki dərəcəsində Olimpiadaya ancaq həlledici döyüşün iştirakçıları lisenziya əldə edəcəklər. “Paris-2024”ə yollanmaq və orada ən yüksək nəticəni göstərmək istəyirəm.
Qeyd edək ki, 538 boksçunun iştirakı ilə keçirilən dünya çempionatında millimizin üzvü Alfonso Dominqes (86 kq) gümüş, Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıb. Yığma 107 ölkə arasında 7-ci yerə şərik olub.
Geri qayıt