Əsas Səhifə > Araşdırma > Dövlətimizin idman siyasətinin uğurları ildən-ilə yüksəlir
Dövlətimizin idman siyasətinin uğurları ildən-ilə yüksəlir11-01-2023, 11:00 |
Xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gətirilən Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, idmanın da inkişaf strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük nailiyyətlərin əsası qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi daha da təmin olundu, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə etdi, dünyaşöhrətli yeni-yeni idmançılar yetişdi. Əsasən İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra bu hal ölkəmizdə geniş vüsət aldı, olimpiya hərəkatı, idman yüksələn xətlə dönməz inkişaf yolu tutdu. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən biri hesab olunur. İdmançılarımız istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyük nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı ucaldırlar. BrendSport.az xəbər verir ki,bu açıqlamanı AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Onun sözlərinə görə, ölkəmiz beynəlxalq idman yarışlarını etibarlı şəkildə təşkil edən ölkə statusunu qazanıb: “Formula 1 yarışları, I Avropa və IV İslam Həmrəyliyi oyunları, 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsi, həmçinin futbol üzrə Avropa çempionatının 3 qrup oyunu və 1 dörddəbir final mərhələsi ölkəmizdə möhtəşəm, nümunəvi şəkildə və peşəkar səviyyədə təşkil edildi. Bu, beynəlxalq ictimaiyyət və dünyanın aparıcı idman təşkilatları tərəfindən təqdir olundu. Bütün bunların təməlində Prezident İlham Əliyevin uğurlu idman siyasəti dayanır”. Milli Məclisin deputatı vurğulayıb ki, idman sahəsində böyük uğurlar qazanmış, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmiş idmançılarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunur. Onlar ölkə ictimaiyyətinə təntənəli şəkildə təqdim edilir, nailiyyətləri yüksək qiymətləndirilir. Bu il yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Tədbirdə iştirak edən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırdı. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Əvvəlki illərdə olduğu kimi, 2022-ci il də ölkəmizin idman həyatında uğurlu il oldu. İl ərzində idmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında və digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazandılar. Onlardan da 356-sı Olimpiya, 384-ü qeyri-Olimpiya, 97-si isə paralimpiya proqramına aiddir. Bu, kifayət qədər böyük nailiyyətdir və onu göstərir ki, ölkəmizin idman siyasəti uğurlu nəticələrini verməkdədir. “Ölkəmizdə idmanın təbliği, bu sahəyə olan maraq ildən-ilə yüksəlir. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Hazırda elə bir bölgəmiz yoxdur ki, orada olimpiya idman kompleksi olmasın. İşğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda da idman qurğularının yaradılması nəzərdə tutulub. İnanırıq ki, sakinlər öz doğma yurdlarına qayıtdıqdan sonra həmin bölgəmizdə də idmanın inkişafı təmin ediləcək, orada beynəlxalq yarışlar keçiriləcək. Bu da idmanla yanaşı, ölkə turizminin uğurlu gələcəyinə, mədəniyyətimizin təbliğinə və inkişafına mühüm töhfələr verəcək”, - deyə S.Möhbalıyev qeyd edib. Geri qayıt |