Əsas Səhifə > Araşdırma > Bu il bölgələrdə avarçəkmənin inkişafı istiqamətində mühüm işlər görülüb
Bu il bölgələrdə avarçəkmənin inkişafı istiqamətində mühüm işlər görülüb21-12-2022, 15:00 |
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) illik hesabatı keçirilib. BrendSport.az xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan tədbir 2022-ci ilin yekunlarına həsr olunub. Tədbirdə çıxış edən federasiyanın baş katibi Fərhad Əliyev bildirib ki, 2022-ci ildə avarçəkmə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və federasiya üçün əlamətdar olub: “Bu il federasiyanın adı dəyişdirilərək Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adlandırılıb. Həmçinin il ərzində bir sıra uğurlara imza atmışıq”. AKAF-ın mətbuat xidmətinin rəhbəri Vüsal Qurbanov qeyd edib ki, işğaldan azad olunan Qarabağda beynəlxalq yarışların təşkili mühüm uğurlardan birdir: “Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tədbirdə iştirakı da idmançılarımıza göstərilən qayğının nümunəsidir. Atletlərimizdən Diana Dimçenko bu il keçirilən dünya kubokunda 4-cü yeri tutdu. Ondan daha böyük nəticə gözləyirdik və Avropa və dünya çempionatlarında çıxışı ilə ümidləri doğrultdu. Bundan əlavə, bu il AKAF-la Avropa Kanoe Federasiyası arasında görüş keçirildi və federasiyanın fəaliyyəti xüsusi vurğulandı. Bu il bölgələrdə avarçəkmənin inkişaf etdirilməsi üçün də mühüm işlər görülüb. Mingəçevir reqatasını bərpa etmişik. Yarışda 14 ölkədən 150-dən çox idmançı iştirak etdi və qızıl medal sayına görə komandamız yalnız Türkiyədən geri qaldı. Eyni zamanda, Neftçalada Axmaz gölündə təlim-məşq toplanışı keçirildi. Təlim-məşqdən sonra yeniyetmələrimiz qayıqlarda bacarıqlarını sınadılar. Bundan başqa, avarçəkməni paytaxt Bakıya qaytardıq. Xəzər dənizində dekabrda iki sınaq məşqi keçirdik. Dekabrın 24-də Xəzər dənizində də məşqlərə başlayacağıq”. Vüsal Qurbanov növbəti ildə bəzi yarışların proqramının artıq məlum olduğunu bildirib. Qeyd edib ki, Həkəri çayının Qubadlıdan keçən hissəsi dağ çaylarında keçirilən idman növlərinə uyğundur. Digər yerlərə də mütəxəssislər tərəfindən baxış keçiriləcək. Əsas hədəflərdən biri isə Azərbaycanda dünya və Avropa çempionatı kimi yarışların keçirilməsidir. AzərTAc Geri qayıt |