Əsas Səhifə > Araşdırma > “İntellektual kubok”un qalibi müəyyənləşib

“İntellektual kubok”un qalibi müəyyənləşib


11-12-2018, 18:00


2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa həsr olunmuş “İntellektual kubok” təşkil olunub. Tədbirdə jurnalistlərlə yanaşı, futbol klublarının mətbuat xidmətində çalışan əməkdaşlar da iştirak ediblər.

BrendSpor.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən “İntellektual kubok”da 13 komanda mübarizə aparıb. Üç saata yaxın davam edən yarışda iştirakçılara Avropa Liqasının tarixi, maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı müxtəlif suallar ünvanlanıb.

Gərgin mübarizə şəraitində keçən “İntellektual kubok” 13 mövzudan ibarət olub. Hər turda püşkatma nəticəsində təsadüfi seçilmiş 2 komanda bir-birinə qarşı mübarizə aparıb. İki komanda arasında keçirilmiş müsabiqədə daha çox xal toplamış komanda həmin turda qalib elan edilib.

Turnirin sonunda “İctimai Televiziya”nı təmsil edən eyniadlı komanda 34 xalla digər rəqiblərini qabaqlayaraq “İntellektual kubok”da birinci yeri tutub. “CBC Sport-2” komandası 33 xalla ikinci, “Penyarol” isə 31 xalla üçüncü yerə sahib çıxıblar. Mükafatçılara dəyərli hədiyyələr təqdim edilib.

Xatırladaq ki, 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır.
Geri qayıt