Əsas Səhifə > Araşdırma > AVRO-2020-nin püşkatma mərasiminin proseduru açıqlanıb
AVRO-2020-nin püşkatma mərasiminin proseduru açıqlanıb27-09-2018, 21:32 |
AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin proseduru açıqlanıb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. UEFA-ya üzv olan 55 milli assosiasiyanın təmsilçiləri reytinq xallarına uyğun 7 səbətə bölünəcək. Seçmə mərhələdə komandalar 10 qrupda mübarizə aparacaq. A, B, C, D, E qruplarında 5, F, G, H, I və J qruplarında isə 6 kollektiv yer alacaq. Matçlar 2019-cu ildə mart – sentyabr aralığında keçiriləcək. Qruplarda ilk 2 yeri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. Qalan 4 komanda isə 2020-ci ilin martında Millətlər Liqasında baş tutacaq final görüşlərindən sonra müəyyənləşəcək. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan / Ermənistan, Cəbəllütariq / İspaniya, Kosovo / Bosniya və Hersoqovina, Kosovo / Serbiya və Ukrayna / Rusiya eyni qrupda yer ala bilməz. Həmçinin sərt qış iqliminə görə 10 ölkədən maksimum 2-si eyni qrupa düşə bilər. Bunlar Belarus, Estoniya, Farer adaları, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Rusiya və Ukraynadır. Qeyd edək ki, ilk dəfə olaraq AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək. Geri qayıt |