Əsas Səhifə > Araşdırma > Kimdi şanslı: Çempionluğa 8, yoxsa 16 iddiaçı?

Kimdi şanslı: Çempionluğa 8, yoxsa 16 iddiaçı?


29-06-2018, 18:38


Sabah DÇ-2018-in 1/8 final mərhələsinə start veriləcək. Mükafatlar uğrunda mübarizəni 16 komanda davam etdirəcək.

Bu yığmaları qrup mərhələsindəki yerinə əsasən iki qrupa bölmək mümkündü. Söhbət qrup qalibləri və ikinci yer sahiblərindən gedir.

Uruqvay, İspaniya, Xorvatiya, Fransa, İsveç, Braziliya, Belçika və Kolumbiya qalib kimi mübarizəni davam etdirir. Digər 8 komanda isə qrupda rəqiblərindən birindən zəif olsa da, çempionluq mübarizəsindən qopmayıb. Bunlar Rusiya, Portuqaliya, Argentina, Danimarka, Meksika, İsveçrə, Yaponiya və İngiltərədi.

Tarixə nəzər salsaq, qrup qalibi olan 8 komandanın qızıl medal qazanmaq şansları daha yüksəkdi. Çünki mundialın indiki kimi qrup mərhələsi ilə başlayıb, 1/8 finaldan olimpiya sisteminə keçdiyi dövrdə daim qrup qalibləri çempion adını qazanıb.

Komandaların sayından asılı olmayaraq bu sistem 1986-cı ildən tətbiq olunur. Həmin vaxtadək isə DÇ-nin formatı ya təkcə olimpiya sistemi, ya iki qrup mərhələsi, ya da qrupdan 1/4 finala yüksəlməkdən ibarət olub.

1986-cı ildə Argentina, 1990 və 2014-cü illərdə Almaniya, 1994 və 2002-ci illərdə Braziliya, 1998-ci ildə Fransa, 2006-cı ildə İtaliya, 2010-cu ildə isə İspaniya çempionluğa qrup birincisi kimi irəliləyib. Bir sözlə, artıq 8 turnirdi ikinci yer sahibləri qızıla həsrətdi.

Yekunda dünya kubokuna yiyələnən sonuncu qrup ikincisi İtaliya buna 1982-ci ildə imza atıb. Həmin vaxt onlar iki qrup mərhələsindən ibarət turnirdə qalib olub.

Qeyd edək ki, qrup mərhələsində 1-ci olmayıb, mundialı qızıl medalla başa vuran komandaların ümumi sayı 4-dü. Almaniya 1954 və 1974, Argentina 1978, İtaliya 1982-ci ildə bunu bacarıb. Əvvəlki 20 çempionatdan 18-də qrup mərhələsi olub. (Apasport)
Geri qayıt