Əsas Səhifə > Araşdırma > “Qarabağ”ın sabiq futbolçusu: “İsveçdəki hava şəraiti və meydan amili matçın gedişinə təsir edəcək”
“Qarabağ”ın sabiq futbolçusu: “İsveçdəki hava şəraiti və meydan amili matçın gedişinə təsir edəcək”5-10-2023, 16:56 |
“Qarabağ” bu gün vacib oyuna çıxacaq. Düzdür, “Hekken” klubunun avrokubok təcrübəsi çox deyil. Amma Skandinaviya ölkələrində oyunlar həmişə çətin olur”. BrendSport.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın baş skautu İlqar Qurbanov “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveçdə “Hekken” komandasına qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib. Azərbaycan millisinin və Ağdam təmsilçisinin sabiq futbolçusu bildirib ki, hava şəraiti və meydan amili matçın gedişatına təsir göstərəcək: “Bu mənada İsveç təmsilçisi “Qarabağ”a sürpriz edə bilər. Amma əminəm ki, komandamız bu oyuna ciddi hazırlaşıb və rəqibi yaxşı analiz edib. Mümkün qələbə “Qarabağ”ın qrupdakı şansını daha da artıracaq. Hesab edirəm ki, bunun üçün Azərbaycan çempionunun yaxşı şansı var. Lakin rəqibə yuxarıdan aşağı baxsalar, onu ciddi qəbul etməsələr, xal itirə bilərlər”. İ. Qurbanovun sözlərinə görə, “Qarabağ” üçün əsas üstünlüklərdən biri görüşün təbii örtüklü meydanda keçirilməsi olacaq: “Hekken” ev oyunlarını həmişə süni meydanda oynayır. Amma bu qarşılaşmada belə olmayacaq. Fikrimcə, rəqib sürətli oyun nümayiş etdirəcək. Buna baxmayaraq, komandamız ilk qolu vursa, qələbəyə daha yaxın tərəf olacaq”. Veteran futbolçu deyib ki, son oyunlar “Qarabağ”ın yüksəlişdə olduğunu göstərir: “Getdikcə istədikləri formaya düşürlər. Axırıncı dəfə “Sumqayıt”la matçda 5:0 hesablı qələbə qazandılar. Düzdür, “Sumqayıt”la oyun göstərici ola bilməz. Amma “Qarabağ”ın avrokubok təcrübəsi artıq hər kəsə bəllidir. Bunu Norveçin “Molde” klubu ilə oyunda bir daha sübut etdilər. İnanıram ki, komandamız “Hekken”dən də xallar ala biləcək”. Qeyd edək ki, “Ullevi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Geri qayıt |