Əsas Səhifə > Redaktor seçimi > Deputat: İdman siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir

Deputat: İdman siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir


11-01-2023, 17:45
Deputat: İdman siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir


Bir ölkənin hərtərəfli tərəqqisi üçün idman sahəsinin inkişafı olduqca önəmli amillərdən biridir. Çünki idman kütləvi xarakter daşıyır və ölkənin beynəlxalq müstəvidə tanınması üçün kütləvilik böyük məna kəsb edir. Həmçinin dövlətin parlaq gələcəyinin təməli düzgün gənclər və idman siyasətinin həyata keçirilməsindən asılıdır.
Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycanda idman sahəsi özünün intibah dövrünü yaşayır. Artıq uzun illərdir ki, ölkəmizdə mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya hərəkatı və idman sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Əminliklə söyləmək olar ki, idman siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir. Bu gün biz bu uğurlu siyasət nəticəsində ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişik.

BrendSport.az
xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib: “Müasir Azərbaycan gənci şanslıdır ki, ölkədə idmanla məşğul olmaq üçün bütün şərait yaradılıb. Son illərdə bu istiqamətdə dövlət investisiyası hesabına bir çox müasir Olimpiya idman qurğuları tikilib. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın bölgələrində müasir standartlarla cavab verən 50-dən çox Olimpiya İdman kompleksi istifadəyə verilib. Paytaxtımızda isə ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub, eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Ümumilikdə son illər ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir”.
M.Cəfərov əlavə edib ki, ölkəmiz, sadəcə, beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, ölkəmizdə hər il nüfuzlu beynəlxalq idman yarışları təşkil olunur. Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edir. “Mən ötən ili Azərbaycanın idman həyatı üçün uğurlu bir il kimi xarakterizə edərdim. Prezident İlham Əliyevin ötən ilin idman yekunlarına həsr olunan tədbirdə çıxışında dediyi kimi, ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət almasına xidmət edir. Əminəm ki, tezliklə Qarabağda da müasir idman infrastrukturu yaradılacaq”, - deyə M.Cəfərov əlavə edib.
Geri qayıt