Əsas Səhifə > Redaktor seçimi > "Rəşad Sadıqovla ilk dəfə orada tanış olub söhbətləşdik" - Qarabağ müharibəsinin qəhramanı

"Rəşad Sadıqovla ilk dəfə orada tanış olub söhbətləşdik" - Qarabağ müharibəsinin qəhramanı


7-12-2020, 01:11


Daşqın Abbasov - Qarabağ döyüşlərnin yaşayan qəhrəmanlarından biri.

Zəngilandan olan polkovnik leytenantın sosial şəbəkədə "Zirə"nin baş məşqçisi və milli komandamızın sabiq kapitanı Rəşad Sadıqovla olan şəklini paylaşması diqqətim çəkdi.

BrendSport.az saytı xəbər verir ki, şəkilin tarixçəsi barədə söhbətləşən Sportinfo.az-a saytının əməkdaşı ilə danışan Abbasov bunları deyib:

"Rəşad Sadıqovla görüşümüz 7 oktyabrda baş tutub. Mən döyüş meydanından ermənilərdən qənim kimi ələ keçirdiyimiz maşını hərbi qənimətlər toplanan əraziyə gətirmişdim.

Rəşad Sadıqovla Zabit Səmədov da əsgərlərimizlə görüş üçün ora gəlmişdilər. Yardım olaraq isti geyimlər də gətirmişdilər. Rəşad Sadıqovla da elə ilk dəfə orda tanış olub, söhbətləşdik".

İgid döyüşçümüzlə söhbətləşmişkən yaxından iştirak etdiyi döyüşlərdən də danışmasını xahiş etdik. Məlum oldu ki, o, uzun döyüş yolu keçib: "Birinci Qarabağ müharibəsində Zəngilanın Kolluqışlaq kəndində olmuşam.

Aprel döyüşlərində də Lələ Təpənin alınmasında iştirak etmişəm. Böyük vətən müharibəsində isə 27.09.2020 tarixindən könüllü olaraq döyüşlərdəyəm. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı və Şuşa döyüşlərində olmuşam. Müharibə bitəndən sonra ayın 14 də evə qayıtmışam".

Polkovnik Leytenant müharibədən yadda qalan xatirələrin çox olduğunu, amma ən təhlükəli anları 30 oktyabr və 10 noyabr tarixlərində yaşadığını deyib:

"Ayın 30-u 5-6 döyüşçü yoldaşlarımla biz neytiral ərazidə çətin vəziyyətə düşdük. Ermənilər biz olan yeri vurmağa başladılar. Hər tərəfimiz onlar idi.

Xüsusi təyinatlılarımız isə bizdən bir qədər qabaqda idilər. Onlar adətən öndə olur. Sağ olsunlar köməyimizə gəldilər. Həm bizi oradan çıxartdılar, həm də onların qoyub qaçdıqları texnikaları götürməyimizə kömək etdilər.

10 noyabrda isə Şuşaya gedərkən səhv yola girdik. Onda gördük ki, artıq ermənilərin içindəyik. Yoldaşlarıma dedim ki, kəlmeyi şəhadətimizi deyib, bir-birimizlə halalaşaq.

Buradan sağ çıxmaq şansımız yoxdur. Amma oradan da Allahın möcüzəsi sayəsində salamat çıxa bildik. Həmin gün Şuşa məscidində şükür namazı qılmağı Allah qismət etdi".

27 ildən sonra Zəngilana ilk ayaq basan Zəngilanlı olan Daşqın Abbasov bundan sonrakı həyatını doğma yurda həsr edəcəyini deyir: "İnşallah, gedib Zəngilanda yaşamaq, gələcək nəsilləri bu şərəfsizlər haqqında dəqiq məlumatlandırmaq istəyirəm. Şəhid və qazilərimizin şərəfinə nəsə bir xatirə yaratmaq arzusundayam. Ən əsası ölənə kimi heç vaxt Zəngilanı tərk etməyəcəyəm" .


Geri qayıt