Əsas Səhifə > Redaktor seçimi > Bakıda keçiriləcək “AGF Junior Trophy” beynəlxalq turnirində 19 ölkədən gimnastlar mübarizə aparacaqlar

Bakıda keçiriləcək “AGF Junior Trophy” beynəlxalq turnirində 19 ölkədən gimnastlar mübarizə aparacaqlar


7-04-2019, 12:44


Aprelin 20-21-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri keçiriləcək. Bu dəfə arena öz qapılarını 19 ölkədən 130-a yaxın gənc bədii gimnasta açacaq.

BrendSport.az xəbər verir ki, aprelin 26-28-də keçiriləcək dünya kuboku yarışlarından bir neçə gün öncə keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, ötən il Avropa çempionatının bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcəklər.

Mayda paytaxtımızda keçiriləcək Avropa çempionatından qabaq iştirakçılar üçün sınaq mərhələsi olacaq bu turnirdə gimnastlar öz güclərini bir daha yoxlayacaqlar. Bu da onlara öz proqramlarını mükəmməlləşdirmək üçün bir şans olacaq.
Geri qayıt