Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib



İyunun 11-də Milli Olimpiya Komitəsində (MOK) Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib.

BrendSport.az xəbər verir ki, toplantıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibinin müavini Azər Əliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanışlıq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və Əlaqələndirmə Komissiyasının üzvləri - İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir, Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç, AOK-un idman şöbəsinin rəhbəri Piter Brül və Antidopinq Komissiyasının İdarə Heyətinin üzvü Haydar Demirel iştirak ediblər.

Tədbirdə Azad Rəhimov Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini salamlayaraq deyib: “Düz bir il bundan əvvəl biz sizinlə 15-ci Avropa Olimpiya Gənclər Festivalı ilə bağlı ilk müzakirələri aparırdıq. Bu gün artıq yarışların başlamasına 40 gün qalır. Əminliklə deyə bilərəm ki, ötən müddətdə hazırlıqla bağlı çox böyük işlər görülüb. Biz oyunlara demək olar ki, tam hazırıq. Bu gün sizinlə görülmüş işlərə bir daha nəzər salacaq və ətraflı fikir mübadiləsi aparacağıq”.

Toplantı zamanı “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Əməliyyat Komitəsinin gördüyü işlər, yarışların cədvəli, statistikası, risklərin idarə edilməsi, marketinq kampaniyaları, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması və digər mühüm məsələlər müzakirə edilib.

Əməliyyat Komitəsinin gördüyü hazırlıq işləri ilə tanış olan AOK Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki deyib: “Bakının qarşıdakı festivala hazırlığını son dəfə dəyərləndirib əminliklə deyə bilərik ki, paytaxt bu cür mötəbər yarışı qəbul etməyə hazırdır. Əminik ki, idmançılar və azarkeşlər yarışın mükəmməl təşkilindən razı qalacaqlar”.

AOK-un rəsmiləri Bakıda olduqları müddətdə festivalın açılış və bağlanış mərasimlərinin keçiriləcəyi “Baku Crystal Hall”da son hazırlıq işləri ilə də tanış olublar.

Qeyd edək ki, bu, Əlaqələndirmə Komissiyasının sayca üçüncü toplantısıdır. Birinci toplantı ötən ilin iyulunda, ikincisi isə bu ilin yanvarında baş tutub.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Facebook-da paylaş