Əsas Səhifə > Ölkə idmanı > Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş çoxnövçülük üzrə çempionat yekunlaşıb

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş çoxnövçülük üzrə çempionat yekunlaşıb


18-03-2023, 10:01
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş çoxnövçülük üzrə çempionat yekunlaşıb

Martın 15 -17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun idman bazasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çoxnövçülük üzrə çempionat keçirilib.

BrendSport.az
xəbər verir ki, İdman-sağlamlıq klubunun və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırılan çempionat 3 gün davam edib. FHN-in Aparatı və qurumlarının ümumilikdə 19 komandasından 65-ə yaxın əməkdaş 100 və 1000 metr məsafəyə qaçış, daşqaldırma və turnikdə dartınma növlərində həm şəxsi, həm də komanda hesabında qüvvələrini sınayıblar.
Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qalib idmançıları təbrik edən FHN-in işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İdman-sağlamlıq klubunun rəis müavini mayor Bəhruz Ağayev və klubun hüquq məsləhətçisi Həmdiyyə Məmmədov müasir müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar. Ümummilli Liderin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edən çıxışçılar bu istiqamətdə aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurların qazanıldığını bildiriblər.
Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Azərbaycan idman ölkəsinə çevrilib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.
Sonra çempionatda uğur qazanmış komandalar və şəxsi birincilikdə fərqlənən idmançılar təltif olunublar. Bakı Regional Mərkəzi komanda hesabında birinci olub. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yerə isə FHN-in Akademiyasının komandaları layiq görülüblər.
Şəxsi yarışlarda çempion adını Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov qazanıb. İkinci yerə Muğan Regional Mərkəzinin əməkdaşı Elmir Əhədov, üçüncü yerə isə Şimal Regional Mərkəzinin əməkdaşı Şirəliyev Rəfail sahib olublar.
Sonda qaliblərə kubok, diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.
Geri qayıt