Əsas Səhifə > Ölkə idmanı > Stend atıcılığının kompakt-sportinq növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Stend atıcılığının kompakt-sportinq növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib


29-10-2017, 19:10




Oktyabrın 29-da Novxanı Atıcılıq Mərkəzində stend atıcılığının kompakt-sportinq növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən ikigünlük çempionatda 30-dək idmançı birincilik uğrunda mübarizə aparıb.

Milli komandanın və yığmaya cəlb olunan yeni atıcıların qatıldığı çempionat Dünya Atıcılıq və Ovçuluq Federasiyasının qaydaları əsasında təşkil olunub.

Mükafatçılar 200 hədəfə atışlardan sonra bəlli olublar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 178 xalla Etibar Abdullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlham Mahmudov 177 xalla ikinci, Rauf Sadıxov isə 173 xalla çempionatı üçüncü pillədə başa vurublar.

Yuniorların yarışında isə fəallığı ilə seçilən Adəm Hüseynov, Təvəkkül Seyidov və Elman Qarazadəyə xüsusi diplom təqdim olunub.

Çempionatın bağlanış mərasimində çıxış edən Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Mükafatçıları təbrik edən vitse-prezident idmanın bu növünün ölkəmizdə yeni inkişaf etməsinə baxmayaraq atıcılarımızın peşəkarlığını xüsusi vurğulayıb.

“Artıq ikinci ildir kompakt-sportinq üzrə Azərbaycan çempionatı keçirilir. Ötən il olduğu kimi bu dəfə də yarışda maraqlı anlar yaşandı. Gələn il kompakt-sportinq idman növünün respublikamızda yaradılmasının 10 ili tamam olacaq. Bu münasibətlə böyük yarış təşkil olunacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür”, - deyə Rasim Rzayev əlavə edib.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Ülviyyə Hacıyeva idmanın bu növünün ölkəmizdəki inkişafından danışıb və iştirakçılara gələcək yarışlarda uğurlar arzulayıb.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə bağlanış mərasiminə yekun vurulub.

Geri qayıt