Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan cüdoçuları Abu-Dabidəki “Böyük dəbilqə” turnirində dörd medal qazanıblar

Azərbaycan cüdoçuları Abu-Dabidəki “Böyük dəbilqə” turnirində dörd medal qazanıblar


29-10-2017, 13:03




Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.


Yarışın sonuncu günü də Azərbaycan cüdoçuları uğurla çıxış edərək daha iki medal qazanıblar.

Qadınların mübarizəsində 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Kindzerskaya yarımfinalda Rusiya cüdoçusu Kseniya Çibisovaya qalib gəlib. Təmsilçimiz həlledici qarşılaşmada hollandiyalı Tessie Savelkoulsa uduzaraq gümüş medala sahib olub.

Kişilərin yarışında 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev isə mötəbər turnirin bürünc medalını qazanıb. M.Mehdiyev üçüncü yer uğrunda görüşdə rusiyalı Aleksandr Roslyakovu məğlub edib.

Bununla da Azərbaycan millisi Abu-Dabi “Böyük dəbilqə” beynəlxalq turnirini iki gümüş və iki bürünc medalla başa vurub. Nicat Şıxəlizadə (66 kq), İrina Kindzerskaya (78 kq-dan yuxarı) gümüş, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunub.

Azərtac.az

Geri qayıt