Əsas Səhifə > Ölkə idmanı > Yüksək nəticə göstərmiş idmançı və məşqçilər təltif olunublar

Yüksək nəticə göstərmiş idmançı və məşqçilər təltif olunublar


19-12-2019, 15:23


Dekabrın 18-də Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman və Şahmat məktəblərinin 2019-cu ildə yüksək nəticə göstərmiş idmançılarının və məşqçi-müəllimlərinin təltif olunması mərasimi keçirilib.

BrendSport.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsilin və idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Nazir müavini bildirib ki, Azərbaycanın dövlət quruculuğunun vacib prioritetlərindən olan sağlam həyat tərzinin təbliği, idmanın inkişafı dövlət siyasətinin strateji vəzifələri sırasına daxil olub. Firudin Qurbanovun sözlərinə görə, uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, fiziki inkişafının təmini üçün şəraitin yaradılması, idmanın ayrı-ayrı növləri üzrə idman məktəblərinin fəaliyyətinin səmərəli təşkili Təhsil Nazirliyinin əsas vəzifələrindəndir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman müəssisələrinin ölkəmizin idman həyatında xüsusi rolunu vurğulayan Firudin Qurbanov bildirib ki, həmin müəssisələr uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, onlar arasında sağlam həyat tərzinin təbliği, idman növləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin hazırlanması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. Nazir müavini “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələrinin 2019-cu ildə beynəlxalq yarışlarda qazandıqları uğurları xüsusi qeyd edib. Hazırda nazirlik sistemində 76 Uşaq-Gənclər İdman və Şahmat məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 60 mindən çox uşaq və gənc idmanın 29 növü ilə məşğul olur.

Nazir müavini çıxışının sonunda təltif olunan şəxslərin hər birini təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirdə məlumat verilib ki, idman məktəblərinin təmsilçiləri ölkə və beynəlxalq miqyaslı yarışlarda 2017-ci ildə 2346 (yerli yarışlarda 1825, beynəlxalq yarışlarda 521), 2018-ci ildə 2535 (1993 və 542), cari ildə isə 2847 medal (1810 və 1037) qazanıblar.

Sonda 44 məşqçi-müəllim 2019-cu ildə yüksək nəticə qazanmış idmançıların hazırlanmasında, 4 məşqçi-müəllim idman tədbirlərinin təşkilində, 6 media işçisi bədən tərbiyəsi və idmanın təbliğində səmərəli fəaliyyətinə görə təltif olunub.

Təltif olunan şəxslərə mükafatları Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının rektoru Fuad Hacıyev, Olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli və Zemfira Meftaxetdinova təqdim ediblər.
Geri qayıt