Əsas Səhifə > Ölkə idmanı > Qurban Qurbanov: Qalib gəlməsəydik də, futbolçularımdan razı qalacaqdım

Qurban Qurbanov: Qalib gəlməsəydik də, futbolçularımdan razı qalacaqdım


7-04-2019, 23:03


Bizim üçün həddindən artıq çətin oyun oldu. Rəqib yenə yaxşı oynadı və məğlubiyyətə layiq deyildi. Qalib gəlməsəydik də, razı qalacaqdım. Çünki futbolçularımız çox ağır oyun keçirdilər. Bundan sonrakı matçlarımız daha çətin keçəcək.

BrendSport.az xəbər verir ki, bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın XXIII turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçusu Riçard Almeydanın və Araz Abdullayevin nümayiş etdirdikləri oyun barədə də danışıb: “Bəlkə də bu gün Almeydaya qarşı daha diqqətli oynayırdılar və nəticədə o, səhvlərə yol verdi. Araz Abdullayev isə təcrübəsindən və sürətindən düzgün istifadə etdi. Onun irəliyə getməsi lazım idi və şansından yararlana bildi. Keçən turda 6:0 hesablı qələbədən sonra komandanı qarşıdakı oyuna kökləməyin çətin olduğunu bilirdik. Buna görə də hər gün futbolçuların nəzərinə çatdırırdıq ki, diqqətli olsunlar”.

Qurbanov KİV-də Mahir Mədətov barədə yazılanlara əhəmiyyət vermədiyini vurğulayıb: “Çünki mən futbolçunu oyuna kökləməliyəm. İstəməzdim ki, belə yazılar olsun. Amma hər yerdə belə yazılar olur. İstərdim ki, Mahir öz oyunu ilə azarkeşlərin rəğbətini qazansın”.
Geri qayıt