Əsas Səhifə > Ölkə idmanı > “Gömrükçü” İdman Klubunun açıq beynəlxalq birinciliyi keçirilib

“Gömrükçü” İdman Klubunun açıq beynəlxalq birinciliyi keçirilib


28-08-2018, 10:59


“ClimBaku” Dırmanma Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, eləcə də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təşkilatçılığı ilə idman dırmanması üzrə kiçikyaşlı yeniyetmələr arasında “Gömrükçü” İdman Klubunun açıq beynəlxalq birinciliyi keçirilib.

BrendSport.az saytı xəbər verir ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Türkiyə, İran, və Gürcüstanın 8 klubundan 30-dək idmançı mübarizə aparıb. İdman dırmanmasının çətinlik növü üzrə oğlan və qızlar arasında keçirilən yarışda Azərbaycanın “Gömrükçü” İK, “Kyanite” İK, Türkiyə Dağçılıq Federasiyasının A və B komandaları, Rusiyanın ÇSKA, İranın “Zanjan Climbing House”, Gürcüstanın “Tbilisi S.K. Lucky” və “Nigozia Climbers” klubları mübarizə aparıblar.

Yarışın açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev, Türkiyə Dağçılıq Federasiyasının prezidenti Ersan Başar iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, DGK İSM-ın baş direktoru Xəzər İsayev Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O dırmanma idman növünün Olimpiya Oyunlarının proqramına daxil edildiyini, bu idman növündə ölkəmizdə kütləviliyin təmin olunması istiqamətində görülən işlərdən söz açıb. Xəzər İsayev bu növ üzrə yeniyetmə yaş qrupu üzrə beynəlxalq yarışın ilk dəfə təşkil olunduğunu, bu yarışın gələcəkdə ənənə halını alacağına ümidvar olduğunu bildirib.

Qeyd olunub ki, yarışın keçirilməsi əlamətdar bir günə Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın doğum gününə təsadüf edir. Dövlət Gömrük Komitəsi rəbərliyi və idman dırmanması üzrə yarış iştirakçıları adından Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya təbrik müraciəti ünvanlanıb.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib, çempionat açıq elan edilib.

Klubun Şaolin idman növü üzrə təmsilçilərinin nümunəvi çıxışlarından sonra yarışlar final mərhələsi ilə davam edib. Gərgin keçən mübarizənin yekununda qaliblər müəyyənləşib.

Ümümi hesabda Rusiya komandası 1 qızıl, 1 gümüş medalla birinci, İran komandası bir qızıl medalla ikinci, Azərbaycan komandası bir gümüş medalla üçüncü pillədə qərarlaşaraq kuboka layiq görülüb.

Oğlanlar arasında yarışın mükafatçıları:

1. Amir Ahmadi (İran, “Zanjan Climbing House”)
2. Sergey Olxovoy (Rusiya, ÇSKA)
3. Kerem Talha Kaya (Türkiyə A komandası)

Qızlar arasında yarışın mükafatçıları:

1. Darya Viktorovskoya (Rusiya, ÇSKA)
2. Mədinə Abdullayeva (Azərbaycan, “Gömrükçü”İK)
3. Mariya Konovalova (Gürcüstan, “S.K. Lucky” İdman Dırmanması Klubu)











Geri qayıt